×
A
A
A
Sazlamalar

Bakıda Çin şirkətlərinin sərgisi keçirilir

Bakı, 26 oktyabr, AZƏRTAC

Azərbaycan şirkətləri Çinin sürətlə inkişaf edən texnologiyalarından faydalana bilər.
AZƏRTAC xəbər verir ki, bu barədə Bakı Ekspo Mərkəzində keçirilən və oktyabrın 28-nə qədər davam edəcək Çin şirkətlərinin sərgisində Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) vitse-prezidenti Vüqar Zeynalov bildirib.
O bildirib ki, bu sərginin hər il keçirilməyi planlaşdırılıb.
Sərgidə çıxış edən İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) sədri Orxan Məmmədov isə deyib ki, sərginin Azərbaycan və Çin şirkətləri üçün uğurlu olacağına ümid edir.
Qeyd edib ki, agentlik yerli kiçik və orta biznesin əməkdaşlıq coğrafiyasının genişləndirilməsinə diqqət yetirir, ona görə də bu kimi tədbirlər onlara yeni əlaqələr qurmağa, yeni məhsul və texnologiyalar haqqında məlumat əldə etməyə imkan verir və onların Azərbaycanda tətbiqinə dəstək verir.
“KOBİA Çindən olan həmkarları ilə institusional əməkdaşlığa böyük əhəmiyyət verir. Agentlik olaraq Çin şirkətləri ilə uğurlu əməkdaşlıq hekayələrimiz var. Bir müddət əvvəl biz Azərbaycanda Çin sərmayələri ilə Kombi istilik zavodunun yaradılmasına yardım etmişik. Ümidvaram ki, bu sərgi faydalı müzakirələr, qarşılıqlı faydalı biznes layihələrinin hazırlanması və həyata keçirilməsi üçün səmərəli platforma olacaq”, - deyə O.Məmmədov vurğulayıb.

İqtisadiyyat 2022-10-26 16:34:00