×
A
A
A
Sazlamalar

Azərbaycan Gənclər Fondu “Hökumət buludu”nda əldə etdiyi xidmətləri genişləndirir

Bakı, 26 oktyabr, AZƏRTAC
“Hökumət buludu”nun (G-cloud) yaradılması və “bulud” xidmətlərinin göstərilməsi sahəsində tədbirlər haqqında Prezident İlham Əliyevin 2019-cu il 3 iyun tarixli Fərmanının icrası məqsədilə həyata keçirilən “Hökumət buludu”na Keçid Planında nəzərdə tutulan fəaliyyətin reallaşdırılması üçün dövlət qurumları ilə qarşılıqlı işlər davam etdirilir. Keçid Planına əsasən dövlət qurumlarının informasiya sistemlərinin Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) tabeliyində fəaliyyət göstərən “AzInTelecom” MMC-yə məxsus Data Mərkəzinə miqrasiyası həyata keçirilir.
RİNN-dən AZƏRTAC-a bildirilib ki, Azərbaycan Gənclər Fondu xidmət səviyyəsinin artırılması və daha çevik IT həllərə malik olmaq məqsədilə ötən il “Hökumət buludu”na miqrasiya edilən IT sistemləri üçün əldə etdiyi bulud xidmətlərini genişləndirmək qərarı verib. Bununla bağlı qurumlar arasında görüş keçirilərək texniki məsələlər müzakirə olunub və qiymətləndirmə prosesinin ardından tərəflər müqavilə imzalayıb.
Azərbaycan Gənclər Fondunun IT sistemlərinin miqrasiya prosesinin davamı olaraq “AzInTelecom” MMC-nin təqdim etdiyi Virtual Server Xidməti (IaaS – İnfrastructure-as-a-Service) bulud infrastrukturunun genişləndirilməsi təmin olunub.
Vurğulayaq ki, Azərbaycan Gənclər Fondu IT resurslarını “AzInTelecom”a məxsus Data Mərkəzində yerləşdirməklə kritik sistemlərinin yüksək əlçatanlığını təmin edir.
Bu xidmətlərin istifadəsi benefisiarlara onların kritik infrastrukturunun fəaliyyət göstəricilərinin yüksəldilməsi, məlumatların təhlükəsizliyi üçün xərclərin azaldılması kimi üstünlüklər verir.
Virtual infrastrukturların Data Mərkəzində yerləşdirilməsi, şifrləmə vasitələrindən istifadə etməklə məlumatların saxlanılması bulud infrastrukturu üçün zəruri olan təhlükəsizliyi təmin edir.
Dövlət qurumlarının “Hökumət buludu”na miqrasiyası ilə cari IT xərclərinin azalması və informasiya sistemlərinin məhsuldarlığının artırılması ilə bərabər, informasiya sistemlərinin təhlükəsizliyinin daha da təkmilləşdirilməsinə, sabit və dayanıqlı IT infrastrukturuna, operativ koordinasiya ilə yüksəkkeyfiyyətli servis təminatı və 24/7 monitorinq xidmətinə nail olunur.
“AzInTelecom” Azərbaycan və Cənubi Qafqaz regionunda “TIER III” Beynəlxalq uyğunluq sertifikatına malik ilk qurumdur. Bundan əlavə, Bakı və Yevlaxda yerləşən, “ISO 20000”, “ISO 22301” və “ISO 27001” sertifikatlarının tələblərini ödəyən iki Data Mərkəzinə malikdir.
“AzInTelecom” Bakı və Yevlax Data mərkəzləri vasitəsilə fövqəladə hal zamanı bulud sisteminə miqrasiya olunmuş məlumatların qorunması və informasiya sistemlərinin fasiləsiz fəaliyyəti (DRaaS) xidmətini təklif edir. Qurumların məlumatları nüsxələnərək hər iki Data Mərkəzində saxlanılır və fəlakətlər zamanı sistemlərin davamlı, fasiləsiz işləməsi təmin olunur.
Data Mərkəzinin keyfiyyətli infrastruktur və peşəkar mütəxəssislər vasitəsilə dəstəklənməsi müştərilər üçün informasiya texnologiyalarından istifadənin səmərəliliyini daha da artırmağa imkan yaradır.
Şirkətə məxsus Bakı Data Mərkəzi dövlət və özəl sektoruna “Bulud infrastrukturu”, “Yerləşdirmə”, “AZCLOUD Drive”, “Arxivləşdirmə”, “Rezervlənmə”, “Microsoft” və “Oracle” məhsulları, “Virtual IP Telefoniya” kimi genişmiqyaslı, çoxşaxəli bulud xidmətlərini təqdim edir.

İKT 2022-10-26 11:29:00