×
A
A
A
Sazlamalar

Bakıda və Sumqayıtda piyadaların ölümü ilə nəticələnən yol-nəqliyyat hadisələri baş verib

Bakı, 26 oktyabr, AZƏRTAC

Bakı və Sumqayıt şəhərlərində piyadaların ölümü ilə nəticələnən yol-nəqliyyat hadisələri baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, oktyabrın 25-də saat 2 radələrində Sabunçu rayonunun Kürdəxanı qəsəbəsi ərazisində yolu keçən Sabirabad rayon sakini Elçin Babayev müəyyən edilməyən avtomobillə vurulub və o, hadisə yerində ölüb.
Sabunçu Rayon Polis İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.
Oktyabrın 25-də saat 6 radələrində Sumqayıt şəhəri ərazisində yolu keçən şəhər sakini İman Mahmudov müəyyən edilməyən avtomobillə vurulub və o, hadisə yerində ölüb.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin “VAZ-21010” markalı avtomobillə törədilməsi müəyyən olunub və həmin avtomobilin sürücüsü, Sumqayıt sakini, əvvəllər məhkum olunmuş Camal Əliyev saxlanılıb.
Sumqayıt Şəhər Polis İdarəsində təhqiqat davam edir.

Hadisə 2022-10-26 11:05:00