×
A
A
A
Sazlamalar

Azərbaycanda ilk dəfə internet iqtisadiyyatının tənzimlənməsi sahəsində dissertasiya işi müdafiə olunub

Bakı, 25 oktyabr, AZƏRTAC

İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri Rasim Mahmudovun texnoloji innovasiyalar iqtisadiyyatı ixtisası üzrə iqtisad elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiya işi Azərbaycan Texniki Universitetinin Dissertasiya Şurasında müdafiə olunub. “İnternet iqtisadiyyatının tənzimlənməsi və inkişaf mexanizmlərinin işlənməsi” mövzusuna həsr olunan dissertasiya işi AMEA-nın vitse-prezidenti akademik Rasim Əliquliyevin rəhbərliyi altında yerinə yetirilib.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib.
Rasim Mahmudov mövzunun aktuallığı və işlənilmə dərəcəsi, tədqiqatın məqsəd və vəzifələrindən söz açıb. İnternetin bütün iqtisadi fəaliyyət sahələrinə geniş tətbiqi, internetin təsiri ilə ənənəvi iqtisadi sistemin köklü dəyişikliklərə məruz qalması, iqtisadiyyatın qloballaşması və virtuallaşması, internet mühitində iqtisadi münasibətlərin tənzimlənməsi problemləri, eləcə də IV Sənaye İnqilabının əsas trendlərindən olan və internetin perspektiv texnologiyalarına (əşyaların interneti, Big Data, bulud texnologiyaları və s.) əsaslanan iqtisadiyyatın inkişaf problemlərinin işin aktuallığını xarakterizə edən əsas məsələlər olduğunu söyləyib.
İddiaçı bildirib ki, internet iqtisadiyyatının tənzimlənməsi, təhlükəsizliyinin təmin olunması və inkişafı problemlərinin müəyyən edilməsi və onların həlli üçün təkliflərin işlənməsi dissertasiya işinin əsas məqsədidir.
Dissertasiyada əldə edilən nəticələrin nəzəri əhəmiyyəti haqqında danışan iddiaçı işin bazar iqtisadiyyatının transformasiyası, “İnternet iqtisadiyyatı” konsepsiyası, təhlükəsizliyinin təmin edilməsi və inkişafına dair nəticələrin müvafiq nəzəriyyələr və yanaşmaların inkişafı baxımından əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Daha sonra dissertasiya işi ətrafında geniş fikir mübadiləsi aparılıb, iddiaçı sualları cavablandırıb.

Texnologiya 2022-10-25 17:02:00