×
A
A
A
Sazlamalar

“Azərbaycan” İES-in modernizasiyası çərçivəsində əlavə generasiya gücü yaradılacaq

Bakı, 25 oktyabr, AZƏRTAC

“Azərenerji” ASC-nin “Azərbaycan” İstilik Elektrik Stansiyasının (İES) modernizasiyası ölkənin enerji dayanıqlığının təmin olunması, əlavə generasiya güclərinin yaradılması, enerji tələbatının qarşılanması, ixrac imkanlarının artırılması, ətraf mühitin qorunması, elektrik enerjisinin istehsalında təbii qaza qənaət edilməsi, iqlim dəyişiklikləri ilə bağlı baş verən kataklizmlərin qarşısının alınması və regionda yeni iş yerlərinin açılması baxımından xüsusi əhəmiyyətə malikdir. “Azərbaycan” İstilik Elektrik Stansiyasının mövcud avadanlıqlarına əlavə müasir texnologiyalar tətbiq edilərək, 600 meqavatt gücündə olan 7-ci və 8-ci enerji bloklarının gücünün daha 1280 meqavatt artırılması ilə əlaqədar rasional modernləşmənin həyata keçirilməsi iqtisadi, texniki, enerji sisteminin etibarlılığı, dayanıqlılığı və təhlükəsizliyi cəhətdən zəruridir.
AZƏRTAC xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin 2022-ci il 25 oktyabr tarixli “Azərbaycan Respublikasında elektrik enerjisi təminatının yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlərin həyata keçirilməsi haqqında” Sərəncamında qeyd olunub.
Bildirilib ki, ölkə üzrə iri sənaye müəssisələrinin yaradılması, eləcə də əhalinin sosial rifahının artması ilə əlaqədar növbəti illərdə böyük həcmdə generasiya güclərinə yaranacaq tələbatın qarşılanmasının və ölkənin ixrac potensialının artırılmasının vacibliyi nəzərə alınaraq “Azərenerji” ASC “Azərbaycan” İstilik Elektrik Stansiyasının modernizasiyası çərçivəsində əlavə generasiya gücü yaradılsın.
Nazirlər Kabinetinə həmin İstilik Elektrik Stansiyasının modernizasiyası çərçivəsində əlavə generasiya gücünün yaradılması məqsədilə maliyyə vəsaitinin cəlb edilməsi, idxal olunacaq avadanlıqların və ehtiyat hissələrinin idxal gömrük rüsumlarından azad olunması, habelə “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq istehsalçı müəssisələrdən elektrik qurğu və avadanlıqların alınması və modernizasiya işlərinə podratçı təşkilatların cəlb olunması ilə əlaqədar tədbirlər görmək həvalə olunub.
“Azərbaycan” İstilik Elektrik Stansiyasının modernizasiyası çərçivəsində görülən işlərlə əlaqədar avadanlıqların və ehtiyat hissələrinin alınması üçün “Azərbaycan Respublikası adından borc alınması və zəmanət verilməsi Qaydası”na uyğun olaraq dövlət zəmanətli kreditlərin cəlb edilməsi ilə bağlı tapşırıq verilib.

Energetika 2022-10-25 14:00:00