×
A
A
A
Sazlamalar

Paytaxtda piyadaların ölümü ilə nəticələnən yol-nəqliyyat hadisələri baş verib

Bakı, 25 oktyabr, AZƏRTAC

Ötən gün paytaxtda baş vermiş iki yol qəzasında 2 nəfər ölüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, oktyabrın 24-də saat 8 radələrində Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində Bakı şəhər sakini R.Mirzəyev idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən paytaxt sakini Esmira Əliyevanı vurub və nəticədə piyada hadisə yerində ölüb.
Hadisə ilə bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.
Digər yol qəzası Qaradağda qeydə alınıb. Belə ki, həmin gün saat 21 radələrində Qaradağ rayonunun Qobustan qəsəbəsi ərazisində Biləsuvar rayon sakini Ə.Xammədov sürdüyü “Mercedes” markalı avtomobillə yolu keçən Salyan rayon sakini Yusif Baxşiyevi vurub. Qəza nəticəsində piyada hadisə yerində ölüb.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Oktyabrın 24-də saat 4 radələrində Suraxanı rayonunda Bakı şəhər sakini E.Əliyev idarə etdiyi “Lexus” markalı avtomobillə yolu keçən paytaxt sakini Zaur Xalidovu vurub və nəticədə piyada hadisə yerində ölüb.
Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır.

 

Hadisə 2022-10-25 11:29:00