×
A
A
A
Sazlamalar

Britaniyalı nazirlər Ermənistanın təxribatları ilə bağlı soydaşlarımızın müraciətini cavablandırıblar

Bakı, 24 oktyabr, AZƏRTAC

Britaniya Azərbaycanlıları Cəmiyyətinin sədri Fəridə Pənahovanın və Birləşmiş Krallıqda yaşayan diaspor fəalı Xədicə Qasımovanın Ermənistanın son hərbi təxribatları ilə bağlı müraciətinə Britaniya hökumətinin üzvləri cavab verib.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, Böyük Britaniya Xarici İşlər Nazirliyində Avropa və Şimali Amerika üzrə dövlət departamentinin korrespondensiya və parlament sualları bölməsinin, dövlət naziri Leo Doçertinin və Britaniya səhiyyə naziri Uill Kuinsin adından soydaşlarımıza ünvanlanan məktublarda bildirilib ki, sentyabrın 12-si və 13-ü baş vermiş hərbi əməliyyatlar və itkilər dərin narahatlıq doğurur: “Bu hökumətin uzunmüddətli mövqeyi ondan ibarətdir ki, hərbi əməliyyatlar münaqişəni həll etmir və ilkin şərtlər olmadan substantiv danışıqlar regionun sabitliyini və təhlükəsizliyini təmin etmək üçün yeganə vasitədir”.
Bildirilib ki, sentyabrın 15-i və 17-si Leo Doçerti telefon danışıqları zamanı hökumətin həmin mesajlarını Azərbaycan və Ermənistandakı həmkarlarına çatdırıb. “Biz tərəflər arasında vasitəçilikdə bilavasitə iştirak edən tərəfdaşlarımızla sıx əlaqə saxlayırıq. Həll edilməmiş məsələlərin həll olunması, çox ehtiyac duyulan sabitlik və təhlükəsizliyin təmin edilməsi üçün Avropa İttifaqı və ATƏT-in rəhbərlik etdiyi beynəlxalq səyləri dəstəkləməyə davam edəcəyik”, - deyə məlumatda vurğulanıb.

Diaspor 2022-10-24 17:29:00