×
A
A
A
Sazlamalar

Azərbaycan və Pakistanın kosmik agentlikləri arasında Anlaşma Memorandumu imzalanıb

Bakı, 24 oktyabr, AZƏRTAC

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Respublikasının Kosmik Agentliyi – Azərkosmos ilə Pakistan İslam Respublikasının Kosmos və Atmosferin Yuxarı Qatının Tədqiqi Komissiyası – SUPARCO arasında Anlaşma Memorandumu imzalanıb.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, memorandum kosmosun müxtəlif sahələri üzrə əməkdaşlığı nəzərdə tutur. Bura kosmik elm, texnologiya və tətbiqlər, kadr potensialının formalaşdırılması üzrə birgə fəaliyyət, həmçinin təcrübə mübadiləsi daxildir.
Azərkosmosun İdarə Heyətinin sədri Saməddin Əsədov qeyd edib ki, memorandum Azərbaycan və Pakistan arasında kosmosyönümlü xidmətlərin təkmilləşdirilməsi, kosmik proqramın daha da genişləndirilməsi, o cümlədən məkan məlumatları sahəsinin inkişafı baxımından əhəmiyyət daşıyır.
SUPARCO-nun sədri Amer Nadem bu memorandumun ölkələrimizin firavan gələcəyi naminə birgə fəaliyyətə geniş imkanlar yaradacağını vurğulayıb.
SUPARCO Pakistanın kosmik elm, kosmik texnologiya və onun ölkədə tətbiqi proqramının icrasına cavabdeh olan milli kosmik agentliyidir.
Agentliyin öhdəliyi kosmik texnologiyada yeni imkanları dinc məqsədlər üçün inkişaf etdirmək və ölkənin sosial-iqtisadi inkişafı üçün öz tətbiqlərinin əhatəsini genişləndirməkdir.
Agentlik peyk istehsalı, kosmik elmlər, texnologiya və tətbiqlər üzrə ən müasir tədqiqat, təkmilləşdirmə və istehsal imkanlarına malikdir.

 

İKT 2022-10-24 17:11:00