×
A
A
A
Sazlamalar

Zığ qəsəbəsində məhəllədaxili yollarda təmir işləri aparılır

Bakı, 24 oktyabr, AZƏRTAC

Cari ilin “İnvestisiya Proqramı”na əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Suraxanı rayonunun Zığ qəsəbəsində Dədə Qorqud yaşayış massivinin məhəllədaxili yollarında təmir işləri aparılır.
Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, uzunluğu 1400 metr, eni ortalama 6 metr təşkil edən sözügedən yollar torpaq əsaslı olduğu üçün gediş-gəlişdə problemlərə səbəb olur, hərəkətin rahat və təhlükəsizliyini təmin etmirdi.
Yenidənqurma işləri çərçivəsində yararsız qrunt qazılaraq çıxarılır, əks-dolğu işləri icra olunaraq yeni yol yatağının və yolun profilə salınması işləri görülür, zəruri yerlərdə 130 poqonometr yeni piyada səkiləri tikilir.
Xatırladaq ki, agentlik tərəfindən 2021-ci ildə Suraxanı rayonu ərazisində ümumi uzunluğu 18,5 kilometr təşkil edən küçə təmir olunub. 2022-ci ildə rayon üzrə təmir olunacaq küçə və yolların ümumi uzunluğu isə 12,5 kilometr təşkil edir.

Tikinti̇ 2022-10-24 16:52:00