×
A
A
A
Sazlamalar

Sumqayıtda polis əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil edən şəxslərə qarşı əməliyyatlar keçiriblər VİDEO

Bakı, 24 oktyabr, AZƏRTAC

Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri silsilə əməliyyatlar zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan dörd nəfər saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nəticədə əvvəllər məhkum olunmuş Xanlar İbayev, Teymur Məmmədov, İlham Mirzəyev və Ruqiyyə Əsgərova tutularaq istintaqa təqdim ediliblər. Onlardan ümumilikdə 3 kiloqrama yaxın heroin və psixotrop tərkibli metadon həbləri aşkar olunub. Saxlanılan şəxslər ifadələrində narkotik vasitələri sosial şəbəkələr vasitəsi ilə əlaqə yaratdıqları naməlum şəxslərdən satmaq məqsədi ilə əldə etdikləri bildiriblər.
Qeyd edək ki, narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olduğu üçün saxlanılan Ruqiyyə Əsgərovanın oğlu Pərviz Əsgərov da bir neçə ay bundan əvvəl narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu üçün polis əməkdaşlarının həyata keçirdiyi əməliyyat nəticəsində saxlanılıb.
Ruqiyyə Əsgərova da ötən ay narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil etdiyi üçün bir dəfə polislər tərəfindən tutulub. Amma onun qadın olması və yaşı nəzərə alınaraq barəsində məhkəmə tərəfindən həbs yox, polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdi. Buna baxmayaraq R.Əsgərova ona qarşı atılan bu humanist addımdan sui-istifadə edərək yenidən narkotiklərin qanunsuz dövriyyəsini təşkil edib.
Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.
Ümumilikdə Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşlarının bu ilin əvvəlindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirdikləri əməliyyatlar zamanı 453 fakt aşkarlanıb.
Nəticədə qanunsuz dövriyyədən 30 kiloqram müxtəlif xassəli narkotik vasitə və psixotrop maddə, o cümlədən heroin, tiryək, marixuana və metamfetamin, eləcə də 290 ədəd psixotrop tərkibli həb çıxarılıb.
Sumqayıt şəhəri ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan digər şəxslərin tutulmaları istiqamətində polis əməkdaşları əməliyyatları davam etdirirlər.

Hadisə 2022-10-24 12:41:00

Video