×
A
A
A
Sazlamalar

Müdafiə Sənayesi Nazirliyi IT sistemlərini “Hökumət buludu”na miqrasiya edir

Bakı, 24 oktyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Hökumət buludu”nun (G-cloud) yaradılması və “bulud” xidmətlərinin göstərilməsi sahəsində tədbirlər haqqında 2019-cu il 3 iyun tarixli Fərmanının icrası məqsədilə həyata keçirilən “Hökumət buludu”na Keçid Planında nəzərdə tutulan fəaliyyətin reallaşdırılması üçün dövlət qurumları ilə qarşılıqlı işlər davam etdirilir.
Keçid Planına əsasən dövlət qurumlarının informasiya sistemlərinin Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “AzInTelecom” MMC-yə məxsus Data Mərkəzinə miqrasiyası həyata keçirilir.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, daha öncə Müdafiə Sənayesi Nazirliyi IT infrastrukturunu və sistemlərini “AzInTelecom” MMC-yə məxsus Data Mərkəzinə miqrasiya edib. Hazırda tərəflər arasında bulud xidmətlərindən istifadənin davam etdirilməsi məqsədilə müqavilə müddətinin uzadılması və xidmət həcminin genişləndirilməsi ilə bağlı qarşılıqlı razılıq əldə olunub. Bununla bağlı məsələlərin müzakirəsi üçün görüşlər aparılır.
Müdafiə Sənayesi Nazirliyi “Hökumət buludu”na miqrasiya layihəsi çərçivəsində İaaS (İnfrastructure-as-a-Service) bulud infrastrukturu və BaaS (Backup-as-a-Service) məlumatların daimi rezervlənməsi xidmətindən yararlanır.
Virtual infrastrukturların Data Mərkəzində avtomatlaşdırılmış şəkildə rezervlənməsi, şifrləmə vasitələrindən istifadə etməklə məlumatların müxtəlif məkanlarda saxlanılması bulud infrastrukturu üçün zəruri olan təhlükəsizliyi təmin edir.
Həmçinin dövlət qurumu rezervlənmə xidmətinin çevik və sadə formada həyata keçirilməsi üçün “Veeam” platforması ilə təmin olunur.
Bu platforma IT sistemlərini “AzInTelecom” MMC-yə məxsus Data Mərkəzinə miqrasiya edən qurumların virtual maşınlar üzrə məlumatların ehtiyat nüsxələrini planlaşdırılmış şəkildə tənzimləməyə, həmçinin datanın dənəli, yəni hissə-hissə nüsxələnməsinə imkan yaradır. Eyni zamanda, “Veeam” platformasından istifadə edərkən buludda rezervlənmiş məlumatları rahat və çevik şəkildə bərpa etmək mümkündür.
Nəticədə nazirlik məlumat itkisi baş verən zaman onun operativ şəkildə bərpasını və müəssisə üçün mühüm olan məlumatların qorunub saxlanılmasını təmin edir.
Rezervlənmə xidmətinin əldə olunması qurumlara daxili resurs tələbatının azaldılması hesabına xərclərin optimallaşdırılması imkanını verir.
Təqdim edilən xidmətlər çərçivəsində istifadəçinin seçiminə əsasən rezervlənmə prosesinin gündəlik, aylıq və ya illik meyarlara əsasən planlaşdırılması mümkündür. Bu xidmətlərin istifadəsi benefisiarlara onların kritik infrastrukturunun fəaliyyət göstəricilərinin yüksəldilməsi, məlumatların təhlükəsizliyi üçün xərclərin azaldılması kimi üstünlüklər verir.
Qeyd edək ki, dövlət qurumlarının “Hökumət buludu”na miqrasiyası ilə cari IT xərclərinin azalması və informasiya sistemlərinin məhsuldarlığının artırılması ilə bərabər, informasiya sistemlərinin təhlükəsizliyinin daha da təkmilləşdirilməsinə, sabit və dayanıqlı IT infrastrukturuna, operativ koordinasiya ilə yüksəkkeyfiyyətli servis təminatı və 24/7 monitorinq xidmətinə nail olunur.
“AzInTelecom” MMC Azərbaycan və Cənubi Qafqaz regionunda “TIER III” Beynəlxalq uyğunluq sertifikatına malik ilk qurumdur. Bundan əlavə, “ISO 20000”, “ISO 22301” və “ISO 27001” sertifikatlarının tələblərini ödəyən Bakı və Yevlaxda yerləşən 2 Data Mərkəzinə malikdir.
“AzInTelecom” MMC Bakı və Yevlax Data mərkəzləri vasitəsilə fövqəladə hal zamanı bulud sisteminə miqrasiya olunmuş məlumatların qorunması və informasiya sistemlərinin fasiləsiz fəaliyyəti ( DRaaS) xidmətini təklif edir. Qurumların məlumatları nüsxələnərək hər iki Data Mərkəzində saxlanılır və fəlakətlər zamanı sistemlərin davamlı, fasiləsiz işləməsi təmin olunur.
Data Mərkəzinin keyfiyyətli infrastruktur və peşəkar mütəxəssislər vasitəsilə dəstəklənməsi müştərilər üçün informasiya texnologiyalarından istifadənin səmərəliliyini daha da artırmağa imkan yaradır.
Şirkətə məxsus Bakı Data Mərkəzi dövlət və özəl sektoruna “Bulud infrastrukturu”, “Yerləşdirmə”, “AZCLOUD Drive”, “Arxivləşdirmə”, “Rezervlənmə”, “Microsoft” və “Oracle” məhsulları, “Virtual İP Telefoniya” kimi genişmiqyaslı, çoxşaxəli bulud xidmətlərini təqdim edir.

 

İKT 2022-10-24 12:07:00