×
A
A
A
Sazlamalar

Yaponiya Beynəlxalq Əməkdaşlıq Festivalının iştirakçılarına Azərbaycanın uğurları barədə məlumatlar çatdırılıb VİDEO

Tokio, 22 oktyabr, AZƏRTAC

Yaponiyanın Haçiyoci şəhərində keçirilən Beynəlxalq Əməkdaşlıq Festivalında Azərbaycan stendi ziyarətçilər tərəfindən böyük maraqla qarşılanıb. Ziyarətçilərə ölkəmizin uğurları barədə ətraflı məlumat verilib.
AZƏRTAC xəbər verir ki, festivalda Azərbaycan ilə yanaşı, Haçiyoci şəhərində yaşayan Çin, Hindistan və Ukrayna icmasının nümayəndələri də iştirak ediblər.
Koronavirus pandemiyasına görə, iki illik fasilədən sonra bərpa olunan festivala qatılan icmaların sayı xeyli azalıb. Bildirilib ki, Haçiyoci şəhərində yaşayan müxtəlif xalqların nümayəndələrinin qatıldığı festival həmin xalqların mədəniyyətini, adət-ənənələrini öyrənmək, mehriban qonşuluq və dostluq münasibətləri qurmaq baxımından əhəmiyyətlidir.
Azərbaycan-Yaponiya Dostluq Mərkəzinin hazırladığı stenddə milli adət-ənənələrimizi əks etdirən eksponatlar, Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyi tərəfindən ölkəmiz haqqında yapon dilində dərc edilmiş nəşrlər, “İRS-İsan” jurnalının yapon dilində son nömrəsi təqdim edilib. Azərbaycanın tarixini və mədəniyyətini əks etdirən bu eksponatlar tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb. Mərkəzin sədri, elektronika sahəsində tanınmış alim Xəlil bəy Kələntər və təşkilatın üzvləri Azərbaycan, onun coğrafi mövqeyi, müstəqilliyi bərpa etdikdən sonra əldə edilən uğurlar, İkinci Qarabağ müharibəsi nəticəsində azad edilən ərazilərdə aparılan böyük abadlıq və quruculuq işləri barədə məlumat veriblər. Azərbaycan haqda videoçarx ziyarətçilər tərəfindən böyük maraqla qarşılanıb.
Festivalın təşkilatçısı Haçiyoci Beynəlxalq Assosiasiyasını icraçı direktoru AZƏRTAC-ın bu ölkə üzrə müxbirinə Azərbaycan stendinin yüksək səviyyədə təşkil olunduğunu deyib: “Haçiyoci Beynəlxalq əməkdaşlıq Festivalının ənənəvi iştirakçıları bu dəfə də bizim tədbirə qatılaraq şəhərimizin sakinlərinə öz ölkələri haqda məlumatları çatdırırlar. Bildiyiniz kimi, koronavirus pandemiyası səbəbindən biz ötən iki ildə bu festivalı təşkil edə bilmədik. Bu gün tanış üzləri bir daha görmək, multikultural dəyərləri bir daha nümayiş etdirmək çox sevindiricidir. Azərbaycan stendinə gəlincə deyə bilərəm ki, çox geniş məlumatları özündə əks etdirir. Azərbaycanın mədəniyyəti və görməli yerləri barədə videoçarx da çox maraqlıdır”.
Azərbaycan haqda məlumatların Yaponiyada da böyük maraqla izləndiyini qeyd edən icraçı direktor deyib ki, ötən ay Ermənistanla sərhəddə baş verən qarşıdurma, gənc əsgərlərin ölümü onun da qəlbini ağrıdıb: “Bu yaxınlarda mən qəzetdə Azərbaycanda sentyabr ayında baş verən qarşıdurma barədə oxudum. Bilirəm ki, Yaponiyada yaşayan azərbaycanlılar öz ölkələrinə görə narahatdırlar. Lakin buna baxmayaraq bizim festivala qatılaraq, ölkələri barədə yerli əhaliyə məlumatlar çatdırırlar. Buna görə mən onlara xüsusi minnətdarlığımı bildirirəm. Xalqınıza isə yeni uğurlar və firavan həyat arzulayıram”.

Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio 

Diaspor 2022-10-22 14:35:00

Video