Biləsuvar rayonunda 8 kiloqramdan çox narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb
Bakı, 22 oktyabr, AZƏRTAC
Ölkə ərazisinə gizli yolla gətirilmiş külli miqdarda narkotik vasitə və həblərin satışını təşkil etmək istəyən şəxslər ifşa olunaraq məsuliyyətə cəlb ediliblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan AZƏRTAC-a bildiriblər ki, Biləsuvar Rayon Polis Şöbəsinin və Dövlət Sərhəd Xidmətinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılan həmin şəxslərdən 8 kiloqramdan çox narkotik vasitə və 2200 ədəd yüksək təsiredici xassəyə malik həb aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.
Şöbə əməkdaşlarının daxil olmuş məlumat əsasında Biləsuvar rayonu ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində əvvəllər də narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə məhkum olunmuş Neftçala rayon sakini Fizuli Hüseynov və Salyan rayon sakini Ayaz Əliyev saxlanılıblar. Keçirilən baxış zamanı onlardan ayrı-ayrı bükümlərdə qablaşdırılmış 5 kiloqram 710 qram tiryək, 2 kiloqrama yaxın metamfetamin, 470 qram heroin, 500 qram marixuana və 2200 ədəd narkotik metadon həbi aşkarlanaraq götürülüb.
Araşdırma zamanı müəyyən olunub ki, həmin şəxslər narkotik vasitələri xaricdə yaşayan şəxslər vasitəsilə əldə ediblər və ölkə ərazisində satışını təşkil etməli imişlər.
Faktla bağlı Biləsuvar Rayon Polis Şöbəsində zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Milli Məclisin deputatı Fazil Mustafaya qarşı sui-qəsd olub VİDEO
Saray qəsəbəsində ağır yol nəqliyyat hadisəsi zamanı üç nəfər ölüb