×
A
A
A
Sazlamalar

Özbəkistanın müdafiə naziri hərbi hissələri ziyarət edib VİDEO

Bakı, 20 oktyabr, AZƏRTAC

Ölkəmizdə rəsmi səfərdə olan Özbəkistan Respublikasının müdafiə naziri general-leytenant Baxodir Kurbanov Hərbi Hava Qüvvələri (HHQ) və Hərbi Dəniz Qüvvələrinin (HDQ) hərbi hissələrini, həmçinin Milli Müdafiə Universitetini ziyarət edib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, qonaq onu müşayiət edən Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevlə birgə əvvəlcə Hərbi Hava Qüvvələrinin hərbi hissəsi ərazisində şəhidlərin xatirəsinə ucaldılan abidə önünə gül dəstələri düzərək xatirələrini hörmət və ehtiramla anıb.
Qonaqlara hərbi hissə haqqında ətraflı brifinq təqdim edildikdən sonra burada şəxsi heyət üçün yaradılan şərait ilə praktiki tanışlıq keçirilib.
Yeməkxana, yataqxana, inzibati və xidməti otaqlar ziyarət edilib, hərbi hissənin silahları və digər döyüş vasitələri barədə ətraflı məlumat verilib.
Özbəkistan nümayəndə heyəti dəniz xüsusi təyinatlılarının nümayiş məşğələlərini izləyib.
Sonra general-leytenant B.Kurbanov Hərbi Hava Qüvvələrinin pilotsuz uçuş aparatları hərbi hissəsinə gələrək burada yaradılan şəraitlə tanış olub və döyüş vasitələrinin imkanları barədə məlumatlandırılıb.
Daha sonra qonaqlar Milli Müdafiə Universitetini ziyarət edib. Onlara Universitetin tarixi, fəaliyyəti və ümumilikdə hərbi təhsil sistemi ilə bağlı geniş brifinq təqdim olunub. Özbəkistan müdafiə naziri universitetin xatirə kitabına ürək sözlərini yazıb.
Yekunda müasir avadanlıqlarla təchiz edilmiş simulyasiya mərkəzinə gələn qonaqlar burada hərbi qulluqçular üçün yaradılan şəraitlə tanış olub, mərkəzin fəaliyyəti ilə bağlı onlara ətraflı məlumat verilib.

Ordu 2022-10-20 18:10:00

Video