×
A
A
A
Sazlamalar

Pərviz Şahbazov: Qarşıdakı illərdə elektrik enerjisinin istehsalında əhəmiyyətli artım gözlənilir

Bakı, 20 oktyabr, AZƏRTAC

Yeni elektrik stansiyalarının istifadəyə verilməsi ilə hazırda ölkəmizin ümumi elektrik enerjisi istehsalı gücü 7953,9 meqavata çatıb. Bu da ötən illə müqayisədə 392,4 meqavat və ya 4,9 faiz artım deməkdir.
AZƏRTAC xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov deyib.
Nazir bildirib ki, elektroenergetika sistemində ümumi gücü 6642 meqavat olan 22 istilik elektrik stansiyası, ümumi gücü 1158,1 meqavat olan 30 su elektrik stansiyası, 37 meqavat gücündə bərk məişət tullantıları elektrik stansiyası, 63,3 meqavat gücündə 4 külək elektrik stansiyası, ümumi gücü 46,1 meqavat olan 8 günəş elektrik stansiyası və ümumi gücü 7,4 meqavat olan 3 hibrid elektrik stansiyası fəaliyyət göstərir. Su elektrik stansiyaları daxil olmaqla bərpaolunan enerji mənbələri üzrə elektrik stansiyalarının gücü 1311,9 meqavatdır ki, bu da ümumi istehsal gücünün, təxminən, 16,5 faizini təşkil edir. Bu dövrdə generasiya gücünün artırılması ilə yanaşı elektrik enerjisi şəbəkəsində də nailiyyətlər əldə olunub. Belə ki, hazırda ümumi gücü 28 min 619 meqavolt-amper olan 110-500 kilovoltluq 240 yarımstansiya istismardadır.
“Ötən il Azərbaycanda 27,8 milyard kilovat-saat istehsal, 1,67 milyard kilovat-saat ixrac göstəriciləri ilə elektrik enerjisinin istehsalı və ixracı xeyli dərəcədə yüksəlib. 2021-ci ildə 23,4 milyard kilovat-saat elektrik enerjisi istehlak edilib. Bu ilin 9 ayı ərzində 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə elektrik enerjisinin istehsalı 807 milyon kilovat-saat artımla 21,5 milyard kilovat-saat, ixracı isə 775,5 milyon kilovat-saat artaraq 1,8 milyard kilovat-saat təşkil edib. Türkiyəyə 940,5 milyon kilovat-saat, Gürcüstana 694,1 milyon kilovat-saat, İrana 95,6 milyon kilovat-saat, Rusiyaya 75,6 milyon kilovat-saat elektrik enerjisi ixrac edilib. Elektrik enerjisinin idxalı isə bu dövrdə azalaraq 104,9 milyon kilovat-saat olub”, - deyə P.Şahbazov vurğulayıb.
Nazirin sözlərinə görə, ilin sonunda və qarşıdakı illərdə elektrik enerjisinin istehsalında əhəmiyyətli həcmlərdə artım gözlənilir. Belə ki, 2022-ci ilin sonuna 28,5 milyard kilovat-saat, 2023-cü ildə 29,9 milyard kilovat-saat elektrik enerjisinin istehsalı proqnozlaşdırılır. Növbəti illərdə elektrik enerjisinin istehsal dinamikası artıq bərpaolunan enerji mənbələrinə əsasən formalaşacaq. Bunun üçün zəngin potensial, bərpa olunan enerjinin inkişafını prioritetləşdirən dövlət siyasəti, yeni qanunvericilik bazası və xarici investisiyaların cəlbi kimi bütün zəruri şərtlər mövcuddur.

Energetika 2022-10-20 15:50:00