×
A
A
A
Sazlamalar

SİMA-ya yeni funksionallıq əlavə edilib

Bakı, 20 oktyabr, AZƏRTAC

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “AzInTelecom” MMC-nin yaratdığı SİMA mobil tətbiqinə yeni nəsil rəqəmsal imza ilə imzalanmış sənədlərin yoxlanması funksiyası əlavə edilib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, yeni funksiya vətəndaşlara SİMA mobil tətbiqi vasitəsilə sənədin imza müəllifləri, imzalanma tarixi və məzmununda hər hansı təhrif barədə məlumat əldə etmək imkanı yaradır.
Vurğulayaq ki, hazırda 12-si dövlət qurumu olmaqla, 60-dan çox müəssisə SİMA yeni nəsil rəqəmsal imzanın xidmətlərindən yararlanmaq məqsədilə inteqrasiya həyata keçirir. İndiyədək isə maliyyə sahəsində fəaliyyət göstərən “PAŞA Bank”, “Turanbank”, “Yelo Bank”, “Azkredit” BOKT, “Kredit Evi” QSC öz xidmətlərinin daha əlçatan olması və müştərilər tərəfindən çevik əldə edilməsi üçün inteqrasiyanı yekunlaşdırıb. Bundan əlavə, SİMA ilə FİNDOC platformasına (www.findoc.az) daxil olan vətəndaşlar özlərinin kredit skorları, tarixçələri və hesabatı əldə edə bilərlər.
Həmçinin sığorta şirkətləri olan “PAŞA Həyat”, “Bakı Sığorta”, “Qala Sığorta” və “Qala Həyat”ın məhsullarından SİMA vasitəsilə faydalanmaq olar.
Eyni zamanda, vətəndaşlar SİMA ilə “ASAN Login”ə daxil olmaqla 80 portal və sistemə vahid məkandan giriş-çıxış imkanı əldə ediblər. “Azərişıq” ASC-nin “Əhali abonentinin enerji təchizatı şəbəkəsinə qoşulması” xidmətinə müraciət edərkən sənədləri SİMA ilə daha rahat imzalaya bilərlər.
SİMA rəqəmsal imza ilə bağlı daha ətraflı məlumatı rəqəmsal imzanın rəsmi saytından və “157” Çağrı mərkəzi ilə əlaqə saxlayaraq əldə etmək mümkündür.

 

İKT 2022-10-20 15:36:00