×
A
A
A
Sazlamalar

“Süd vəzi xərçəngi ilə mübarizə ayı” çərçivəsində müayinə və maarifləndirmə tədbirləri davam edir

Bakı, 20 oktyabr, AZƏRTAC

Səhiyyə Nazirliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB), Milli Onkologiya Mərkəzi və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Süd vəzi xərçəngi ilə mübarizə ayı” çərçivəsində regionlarda həyata keçirilən profilaktik müayinə və maarifləndirmə tədbirləri Şirvan şəhərində davam etdirilib.
AZƏRTAC TƏBİB-in rəsmi feysbuk səhifəsinə istinadla bildirir ki, layihə üzrə “Süd vəzi xəstəliklərinin müasir müayinə və müalicəsi“ mövzusunda Şirvan şəhərində elmi-praktik konfrans təşkil olunub. Konfransda Milli Onkologiya Mərkəzinin mütəxəssisləri və Şirvan şəhəri, Hacıqabul, Salyan, Sabirabad, Saatlı rayonlarında çalışan 70 nəfərə yaxın onkoloq, ginekoloq, terapevt, uroloq və cərrah iştirak edib.
Tədbirdə Milli Onkologiya Mərkəzi, TƏBİB-in və “Regional İnkişaf” İctimai Birliyi nümayəndələri qeyd edib ki, ölkəmizdə əhalinin sağlamlığının qorunması, onlara göstərilən tibbi xidmətlərin keyfiyyətinin artırılması istiqamətində dövlət tərəfindən görülən işlərdən, əldə olunan nəticələrdən, o cümlədən onkoloji xəstəliklərlə mübarizə və bu mübarizədə aparılan maarifləndirmə tədbirlərinin əhəmiyyətindən danışıblar. Bildirilib ki, onkoloji xəstəliklərin erkən diaqnostikası və bu sahədə vətəndaşların məlumatlı olması xəstənin vaxtında müalicəyə cəlb edilməsi, yarana biləcək fəsadların qarşısının alınması baxımından faydalıdır. Regionlarda davamlı olaraq aparılan onkoloji müayinə və maarifləndirmə aksiyaları da bu məqsədə xidmət edir.
Daha sonra mütəxəssislərin “Süd vəzi xəstəliklərinə müasir yanaşma”, “Süd vəzi xərçənginin onkoplastik və rekonstruktiv cərrahiyyəsi”, “Trofoblastik xəstəliklər”, “Süd vəzi xərçənginin müasir müalicə prinsipləri” və digər mövzularda məruzələri dinlənilib.
Tədbirin yekununda iştirakçılara sertifikatlar təqdim olunub.
Qeyd edək ki, layihə çərçivəsində Şirvan şəhərində “Hər kəs bilsin, həyat davam etsin!” devizi altında Milli Onkologiya Mərkəzinin həkimləri tərəfindən qadınlar arasında süd vəzi xəstəlikləri üzrə profilaktik müayinələr aparılıb. Ümumilikdə 155-dən çox sakini əhatə edən müayinələrin nəticələri əsasında xəstəlik riski olanlar daha geniş diapazonlu müayinə üçün Milli Onkologiya Mərkəzinə dəvət edilib, digər patologiya aşkar olunan xəstələr ixtisaslaşan tibb müəssisələrinə yönləndirilib, eyni zamanda, qadınlarla profilaktik söhbət aparılıb, yerində məsləhətlər verilib.

Hadisə 2022-10-20 10:45:00