×
A
A
A
Sazlamalar

Oktyabrın 20-si Energetiklər Günüdür

Bakı, 20 oktyabr, AZƏRTAC

Oktyabrın 20-si Azərbaycanda Energetiklər Günüdür. On səkkiz ildir ki, Azərbaycan energetikləri öz peşə bayramlarını iftixarla qeyd edirlər. Energetiklər Günü ölkəmizin həyatında xüsusi əhəmiyyət kəsb edən əlamətdar hadisə ilə bağlıdır: 41 il əvvəl, 1981-ci il oktyabrın 20-də “Azərbaycan” istilik elektrik stansiyasının (İES) birinci enerji bloku ulu öndər Heydər Əliyevin təşəbbüsü və bilavasitə rəhbərliyi ilə istifadəyə verilib, bununla da Azərbaycan elektroenergetikasının inkişafında yeni mərhələnin əsası qoyulub. Prezident İlham Əliyevin 2004-cü il 13 oktyabr tarixli Sərəncamı ilə həmin tarixin ölkəmizdə Energetiklər Günü kimi təsis edilməsi milli elektroenergetika salnaməmizin daha bir parlaq səhifəsi, ölkə rəhbərliyinin bu sahədə çalışan insanların fədakar əməyinə verdiyi böyük dəyərin ifadəsidir.

Azərbaycan öz potensialı hesabına enerji təhlükəsizliyini 100 faiz təmin edib
Ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə respublikamızın energetika kompleksinin, o cümlədən elektrik enerjisi sisteminin inkişafına xüsusi diqqət yetirib, bu sahədə misilsiz işlər görüb. Ulu Öndərin müəyyənləşdirdiyi və hazırda Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən sosial-iqtisadi islahatlar Azərbaycanın güclənməsinə və qüdrətlənməsinə yönəlib. Dövlətimizin başçısının təşəbbüsü və rəhbərliyi ilə iqtisadiyyatın bütün sahələri, o cümlədən elektroenergetika üzrə də mükəmməl proqramlar qəbul edilərək reallaşdırılıb. “Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsi”nin Tədbirlər Planına uyğun olaraq, hazırda yaxın və uzaq perspektivdə nəzərdə tutulmuş vəzifələrin icrası ilə bağlı müvafiq işlər görülür, eyni zamanda, enerji sisteminin müasirləşdirilməsi nəzərdən keçirilir.
Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən enerji siyasəti sovet dövründə və müstəqillik illərində bu sahədə görülmüş işləri, əldə edilmiş nəticələri nəinki məntiqi cəhətdən tamamlayır, eyni zamanda, elektroenergetika sisteminin müasir qlobal trendlərə uyğun inkişafını təmin edir. Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, öz potensialı hesabına enerji təhlükəsizliyinin təminatına 100 faiz nail ola bilib.

Son 12 ildə 28 yeni elektrik stansiyası istifadəyə verilib
Enerji sisteminin, enerji istehsalı infrastrukturunun yenidən qurulması, şəhər və rayonlarda onlarla böyük və kiçik elektrik stansiyalarının tikilməsi, ölkədaxili və respublikamızı xarici ölkələrlə əlaqələndirən magistral elektrik xətlərinin yenilənməsi, elektrik enerjisi təminatının yaxşılaşdırılması ilə bağlı dövlət proqramlarının icrası nəticəsində Azərbaycan daxili enerji tələbatının ödənilməsi ilə bərabər elektrik enerjisinin ixracına da nail olub. Energetika sektorunda həyata keçirilən kompleks tədbirlər hesabına son 12 ildə 2055,4 meqavat gücündə 28 yeni elektrik stansiyasının istismara verilməsi ilə ölkəmizin ümumi elektrik enerjisi istehsalı gücü 7953,9 meqavata çatıb ki, bu da ötən illə müqayisədə 392,4 meqavat və ya 4,9 faiz artım deməkdir. Elektroenergetika sistemində ümumi gücü 6642 meqavat olan 22 istilik elektrik stansiyası, gücü 1158,1 meqavat olan 30 su elektrik stansiyası, 37 meqavat gücündə bərk məişət tullantıları elektrik stansiyası, 63,3 meqavat gücündə 4 külək elektrik stansiyası, ümumi gücü 46,1 meqavat olan 8 günəş elektrik stansiyası və ümumi gücü 7,4 meqavat olan 3 hibrid elektrik stansiyaları fəaliyyət göstərir. Su elektrik stansiyaları daxil olmaqla bərpa olunan enerji mənbələri üzrə elektrik stansiyalarının gücü 1311,9 meqavatdır ki, bu da ümumi istehsal gücünün, təxminən, 16,5 faizini təşkil edir. Reabilitasiya proqramı çərçivəsində “Azərbaycan” İES və digər elektrik stansiyalarının dayanıqlılığı, etibarlılığı, təhlükəsizliyi və səmərəliliyi yeni səviyyəyə yüksəlib. Ümumiyyətlə, son illər enerji sisteminə qoyulmuş investisiyalar, modernləşmə işlərinin aparılması nəticəsində səmərəlilik, elektrik enerjisinin keyfiyyət göstəriciləri nəzərəçarpacaq dərəcədə yüksəlib, itkilərin səviyyəsi isə aşağı düşüb. Son 12 ildə elektrik enerjisinin ötürülməsi və paylanmasında itkilərin 22,4 faizdən 10,2 faizədək, 1 kilovat-saat elektrik enerjisinin istehsalına yanacağın xüsusi sərfinin isə 305,6 qramdan 263,4 qrama qədər azaldılmasına nail olunub. Respublikanın energetika sisteminin infrastrukturunda da ciddi dəyişikliklər edilib. Belə ki, hazırda ümumi gücü 25 min 133,5 meqavat-amper olan 110-500 kilovoltluq 228 yarımstansiya fəaliyyətdədir.
Yeni istehsal güclərinin yaradılması hesabına son 12 ildə elektrik enerjisinin istehsalında 39,7 faiz artım əldə edilib. Ölkənin inkişafı, əhalinin artımı, sənayeləşmə prosesi ilə əlaqədar olaraq elektrik enerjisinin istehlakı 58,3 faiz artıb. 2022-ci ilin avqust ayında Azərbaycanda elektrik enerjisinin istehsalı 2 milyard 837,7 milyon kilovat-saat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə istehsalın 68,9 milyon kilovat-saat, yaxud 2,5 faiz artması deməkdir.
Ötən ay ərzində elektrik enerjisinin idxalı 10,9 milyon kilovat-saat olmaqla 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 0,4 milyon kilovat-saat, ixrac isə 372,4 milyon kilovat-saat olmaqla ötən ilin müvafiq dövrünə nisbətən 222,4 milyon kilovat-saat artıb.
Ümumilikdə cari ilin yanvar-avqust aylarında respublika üzrə elektrik enerjisinin istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 488,8 milyon kilovat-saat, yəni 2,6 faiz artaraq 19 milyard 115,7 milyon kilovat-saat təşkil edib.
Ötən ilin 8 ayına nisbətən cari il elektrik enerjisinin istehsalı istilik elektrik stansiyalarında (İES) 136,2 milyon kilovat-saat artaraq 17 milyard 560,3 milyon kilovat-saat, su elektrik stansiyalarında (SES) 341,5 milyon kilovat-saat artaraq 1 milyard 308,5 milyon kilovat-saat, digər mənbələr (külək elektrik stansiyaları (KES), günəş elektrik stansiyaları (GES) və bərk məişət tullantılarının yandırılması zavodu (BMTYZ)) üzrə isə 11,1 milyon kilovat-saat artaraq 246,9 milyon kilovat-saat olub. KES-də 59,3 milyon kilovat-saat, GES-də 43,9 milyon kilovat-saat, BMTYZ-da isə 143,7 milyon kilovat-saat elektrik enerjisi istehsal edilib.
Səkkiz ayda elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 17 milyard 221,6 milyon kilovat-saat (İES-lərdə 16 milyard 11,7 milyon kilovat-saat, SES-lərdə 1 milyard 209,9 milyon kilovat-saat), Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə 323,9 milyon kilovat-saat (İES-lərdə 196,4 milyon kilovat-saat, SES-lərdə 87,1 milyon kilovat-saat, GES-də 40,4 milyon kilovat-saat), “Azərişıq” ASC üzrə KES-lərdə 43,5 milyon kilovat-saat, müstəqil elektrik stansiyaları üzrə 1 milyard 526,7 milyon kilovat-saat olub.

İxracatçı və tranzit ölkə kimi Azərbaycanın rolu möhkəmlənir
Yeni stansiyaların tikintisi ölkəmizin daxili tələbatını tam ödəməklə bərabər, elektrik enerjisinin ixracına da imkan verir. Rusiya, Gürcüstan, Türkiyə və İranla elektrik enerjisi üzrə əməkdaşlıq formatında ixracatçı və tranzit ölkə kimi Azərbaycanın rolu möhkəmlənir. Əgər 2006-cı ildə respublikanın daxili ehtiyaclarını tam ödəmək üçün 1,8 milyard kilovat-saat elektrik enerjisi idxal edilirdisə, 2021-ci ildə bu göstərici 151,6 milyon kilovat-saata qədər azalıb.
Ötən il Azərbaycanda 27,8 milyard kilovat-saat istehsal, 1,67 milyard kilovat-saat ixrac göstəriciləri ilə elektrik enerjisinin istehsalı və ixracı xeyli dərəcədə yüksəlib. 2021-ci ildə 23,4 milyard kilovat-saat elektrik enerjisi istehlak edilib. Bu ilin 9 ayı ərzində 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə elektrik enerjisinin istehsalı 807 milyon kilovat-saat artımla 21,5 milyard kilovat-saat, ixracı isə 775,5 milyon kilovat-saat artaraq 1,8 milyard kilovat-saat təşkil edib. Türkiyəyə 940,5 milyon kilovat-saat, Gürcüstana 694,1 milyon kilovat-saat, İrana 95,6 milyon kilovat-saat, Rusiyaya 75,6 milyon kilovat-saat elektrik enerjisi ixrac edilib. Elektrik enerjisinin idxalı isə bu dövrdə azalaraq 104,9 milyon kilovat-saat olub.
İlin sonuna və qarşıdakı illərdə elektrik enerjisinin istehsalında əhəmiyyətli həcmlərdə artım gözlənilir. Belə ki, 2022-ci ilin sonuna 28,5 milyard kilovat-saat, 2023-cü ildə 29,9 milyard kilovat-saat elektrik enerjisinin istehsalı proqnozlaşdırılır. Növbəti illərdə elektrik enerjisinin istehsal dinamikası artıq bərpa olunan enerji mənbələrinə əsasən formalaşacaq. Bunun üçün zəngin potensial, bərpa olunan enerjinin inkişafını prioritetləşdirən dövlət siyasəti, yeni qanunvericilik bazası və xarici investisiyaların cəlbi kimi bütün zəruri şərtlər mövcuddur.
Elektrik enerjisinin mübadiləsi hazırda Azərbaycan və Gürcüstan arasında 500 kilovoltluq Samux-Qardabani və 330 kilovoltluq Ağstafa-Qardabani, Türkiyə ilə iki dövrəli 154 kilovoltluq “İğdır-Babək”, 34,5 kilovoltluq “Aralıq-Sədərək”, Rusiya ilə 330 kilovoltluq “Yaşma-Dərbənd”, 110 kilovoltluq “Yalama-Bilici” elektrik verilişi xətləri vasitəsilə həyata keçirilir. Azərbaycanla İranın enerji sistemləri arasında elektrik enerjisi mübadiləsi isə 330 kilovoltluq “Muğan”, 230 kilovoltluq “İmişli”, 110 kilovoltluq “Astara-Astara”, 132 kilovoltluq “Araz-Araz” və 132 kilovoltluq “Culfa-Culfa” elektrik veriliş xətləri vasitəsilə reallaşdırılır.
Azərbaycan, İran və Rusiyanın enerji sistemlərinin əlaqələndirilməsi üzrə proses də davam edir. Hər üç ölkənin müvafiq enerji şirkətlərinin razılığı ilə müəyyən edilmiş məsləhətçi şirkət tərəfindən layihənin texniki-iqtisadi əsaslandırılmasının hazırlanmasına başlanılıb. Eyni zamanda, “Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi, istismarı, energetika və su ehtiyatlarından istifadə sahəsində əməkdaşlıq haqqında Saziş”dən irəli gələn vəzifələr də yerinə yetirilməkdədir. 140 meqavat gücündə “Xudafərin” və “Qız Qalası” hidroqovşaqları və su elektrik stansiyalarının tikintisi və istismarı üzrə işlər davam etdirilir. Hazırda hər iki hidroqovşağa aid bəndlərin tikintisi başa çatıb. Su elektrik stansiyalarının beynəlxalq tenderlər keçirilməklə tikintisi nəzərdə tutulur. Bu layihələrin istismara verilməsi təkcə Azərbaycana illik 358 milyon kilovat-saat elektrik enerjisi istehsalı, mövcud 252 min hektar torpaq sahəsi üzrə suvarmanın yaxşılaşdırılması və 12 min hektar yeni əkin sahələrinin suvarılması imkanı yaradacaq.
Eyni zamanda, işğaldan azad edilmiş ərazilərin elektrik enerjisinə tələbatının ödənilməsi, habelə kənd təsərrüfatı sahələrinin suvarma suyu ilə təminatında xüsusi əhəmiyyətə malik olan “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının inşası prosesi sürətləndirilib. 1,6 milyard kubmetrdən çox sututumuna malik bu hidroqovşaqlar və ümumi qoyuluş gücü 280 meqavat gücündə olan bu stansiyalar Araz çayının su və enerji ehtiyatlarından hər iki tərəfin birgə istifadəsinə imkanlar yaradır. Bu layihələr iqtisadi və strateji aspektdən ölkəmiz üçün çox əhəmiyyətlidir. Bu layihələrin reallaşması Azərbaycana illik 368 milyon kilovat-saat elektrik enerjisi istehsalı, mövcud 252 min hektar torpaq sahəsi üzrə suvarmanın yaxşılaşdırılması və 8 min hektar yeni əkin sahələrinin suvarılması imkanı yaradacaq. Azərbaycanın suverenliyi, ərazi bütövlüyü əsas götürülməklə 2016-cı ildə bu layihələr üzrə sazişin imzalanması işğal olunmuş ərazilərimizin geri qaytarılacağına böyük inamın ifadəsi idi. Müzəffər Ordumuzun Cəbrayıl şəhəri və rayonunun bir sıra kəndlərini azad etməsi də Azərbaycan Prezidentinin uzaqgörən siyasətini, həmin ərazilərin bərpası zamanı bu hidroqovşaqlar və stansiyaların istifadəsinə əvvəlcədən hazırlıqla bağlı strateji baxışlarını bir daha nümayiş etdirdi. Azərbaycan və İran arasında birgə həyata keçirilən “Ordubad” və “Marazad” su elektrik stansiyaları layihələri üzrə işlər aparılır.

2030-cu ilədək elektrik enerjisinin qoyuluş gücündə bərpaolunan enerjinin payı 30 faizə çatacaq
Bərpaolunan enerji mənbələrindən istifadənin genişləndirilməsi, energetika sisteminin səmərəliliyinin artırılması və mərhələli şəkildə liberal bazar modelinə keçilməsi Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan islahatlar prosesinin hədəfləridir. Dövlət başçısının “Energetika sektorunda islahatların sürətləndirilməsi haqqında” 2019-cu il 29 may tarixli, “Bərpaolunan enerji mənbələrindən istifadə sahəsində pilot layihələrin həyata keçirilməsi tədbirləri haqqında” 2019-cu il 5 dekabr tarixli sərəncamları, eləcə də 2020-ci il 22 sentyabr tarixli Fərmanı ilə Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin yaradılması energetika sektorunda əsaslı dəyişikliklərə yüksək səviyyədə təminat verilir. Bu gün əsas məqsəd Azərbaycan Prezidenti tərəfindən qarşımıza qoyulmuş vəzifələrə uyğun olaraq, 2030-cu ilə qədər bərpaolunan enerji mənbələri hesabına 1500 meqavat əlavə güc yaratmaqla elektrik enerjisinin qoyuluş gücündə bərpaolunan enerjinin payını 30 faizə çatdırmaqdır. Energetika sahəsində müəyyən edilmiş bu yeni strateji xəttin həyata keçirilməsində ilk uğurlu addımlardan biri bu ilin yanvarında 7 beynəlxalq şirkət arasında mövcud topdansatış qiymətlərinə uyğun təkliflər vermiş Səudiyyə Ərəbistanının “ACWA Power” və Birləşmiş Ərəb Əmirliyinin “Masdar” şirkətləri ilə 240 meqavat gücündə külək və 200 meqavat gücündə günəş enerjisi üzrə pilot layihələrlə bağlı İcra müqavilələrinin imzalanması olub. Külək və günəş enerjisi ilə işləyən bu 440 meqavatlıq stansiyalar, təxminən 400 milyon ABŞ dolları məbləğində tam xarici investisiya hesabına tikiləcək ki, bu da ölkəmizdə bərpa olunan enerji sahəsində bir ilk, digər layihələrə investorların cəlbi üçün nümunə olacaq.
Külək elektrik stansiyasının inşa ediləcəyi ərazilərdə - Pirəkəşkül və Sitalçayda 6 ədəd külək ölçü-müşahidə stansiyası quraşdırılıb, layihənin ətraf mühitə və sosial təsirlərinin qiymətləndirilməsi aparılır. Günəş elektrik stansiyasının inşa olunacağı ərazidə də ətraf mühitə və sosial təsirlərin qiymətləndirilməsi ilə bağlı tədqiqatlar davam etdirilir. Bu elektrik stansiyalarının elektrik enerjisi şəbəkəsinə qoşulması üçün 3 yeni yarımstansiyanın investorlar tərəfindən tikilməsi planlaşdırılır. Bu stansiyalar hesabına ümumilikdə, təxminən illik 1,4 milyard kilovat-saat elektrik enerjisinin istehsalı, 300 milyon kubmetrdən çox təbii qaza qənaət edilməsi, 600 min tona yaxın karbon qazı tullantısının azaldılması və yeni iş yerlərinin yaradılması gözlənilir.
Pilot layihələrdən əlavə özəl sektorun və xarici investorların iştirakı ilə yeni güclərin potensial ərazilərdə ikitərəfli müqavilələr və hərraclar vasitəsilə reallaşdırılması istiqamətində hazırlıq tədbirləri görülür. Belə ki, investisiya cəlbi üçün beynəlxalq təcrübədə rast gəlinən bərpaolunan enerji mənbələri ərazilərinin yaradılması və investorlara təqdim olunması üçün günəş və külək enerjisi potensialı olan digər 5 sahədə yeni layihələrin həyata keçirilməsinin mümkünlüyü dəqiqləşdirilib. Bununla yanaşı külək enerjisi ilə müqayisədə ölkənin bütün ərazisində mövcud olan günəş enerjisi potensialından, kənd təsərrüfatına yararsız torpaqlardan istifadə edilməsi, bərpaolunan enerji mənbələri üzrə elektrik enerjisi istehsalı güclərinin paylaşdırılması üçün növbəti illərdə regionlarda layihələrin həyata keçirilməsi planlaşdırılır. Bununla əlaqədar Energetika Nazirliyi tərəfindən günəş enerjisi üzrə ən çox potensiala malik 15 inzibati-ərazi vahidi müəyyənləşdirilib, hazırda torpaqların təyinatı, elektrik enerjisi şəbəkəsinə qoşulma imkanları araşdırılır. Həmçinin bərpaolunan enerji hərraclarının layihələndirilməsi və icrası üzrə Avropa Yenidənqurma və İnkişaf Bankı ilə əməkdaşlıq çərçivəsində hərrac qaydaları, elektrik enerjisinin satınalınması, elektrik şəbəkəsinə qoşulma, torpaq icarə müqavilələri və digər sənədlər hazırlanır. Eyni zamanda, elektrik şəbəkəsinə qoşulacaq yeni güclərin dövrlər üzrə optimal həddi müəyyənləşdirilir ki, layihələrin gələcəkdə şəbəkəyə inteqrasiyası zamanı problemlər yaranmasın. Hesablamalara əsasən, 2030-cu ilədək üç mərhələdə 440 meqavat, 460 meqavat və 600 meqavat həcmində qoyuluş güclərinin şəbəkəyə inteqrasiyası mümkündür.
Bərpaolunan enerji sahəsinin inkişafında mühüm yeniliklərdən biri isə aktiv istehlakçılar qismində vətəndaşların bu prosesdə iştirakının dəstəklənməsi ilə bağlıdır. Aktiv istehlakçının dəstəklənməsi mexanizminin tətbiqi istehlakçıya müəyyən güc həddindəki bərpaolunan enerji mənbələri qurğusu vasitəsilə öz tələbatı üçün elektrik enerjisi istehsal etməyə və istehlakından artıq elektrik enerjisini paylayıcı şəbəkəyə ötürməyə imkan verəcək.

İşğaldan azad olunan ərazilərimizdə tezliklə işıqlı günlər başlayacaq
Azərbaycan Ordusunun Ermənistanın təxribatlarına qarşı əks-hücum əməliyyatlarını uğurla həyata keçirərək torpaqlarımızı işğaldan azad etdiyi bu tarixi günlərdə regionun təhlükəsizliyi və onun təmin olunmasında enerji amilinin rolu xüsusilə aktuallıq qazanır. Çünki hazırda ölkəmizin apardığı haqq savaşının əsas məqsədlərindən biri də ədalətin bərpası ilə yanaşı, Azərbaycanın səyləri nəticəsində regionda qazanılmış sabitlik və inkişaf mühitinin dayanıqlılığının təmin edilməsi və gələcək üçün təhlükələrin aradan qaldırılmasıdır.
Ermənistanın təcavüzkar mövqeyi illərdən bəridir ki, Cənubi Qafqaz regionunun gələcəyini təhdid edən əsas təhlükə mənbəyinə çevrilib. Ərazilərimizin işğalı beynəlxalq hüquq normalarının, bir milyon vətəndaşımızın insan hüquq və azadlıqlarının pozulması ilə bərabər, regionun imkanlarından, iqtisadi potensialından tam istifadəni də əngəlləyir, eyni zamanda, əldə edilmiş nailiyyətlər üçün təhdidlər yaradır. Son hərbi əməliyyatlar zamanı beynəlxalq humanitar hüquqa, o cümlədən 1949-cu il Cenevrə Konvensiyasına, onun Əlavə protokollarının tələblərinə və humanitar atəşkəs razılaşmasına zidd olaraq Ermənistan tərəfindən dinc əhalinin, mülki obyektlərin, eləcə də strateji əhəmiyyətli enerji infrastrukturunun davamlı atəşə tutulması bunun bariz nümunələridir.
Terroru dövlət siyasətinə çevirmiş Ermənistan Cənubi Qafqazın ən böyük istilik elektrik stansiyası sayılan və energetiklərin peşə bayramı üçün də tarixi əsas rolunu oynayan “Azərbaycan” İES-i, ölkəmizin ən böyük su elektrik stansiyası olan “Mingəçevir” su elektrik stansiyasını (SES) də davamlı hədəfə alır, həmçinin yaşayış məntəqələrimizin raket atəşinə tutulması elektrik qurğularının və müxtəlif gərginlikli elektrik xətlərinin vurulması faktları ilə müşayiət olunur.
2021-ci il yanvarın 6-da keçirilən 2020-ci ilin sosial-iqtisadi yekunlarına həsr olunan müşavirədə Azərbaycan Respublikasının Prezidenti işğaldan azad edilmiş ərazilərdə “yaşıl enerji” zonasının yaradılması məsələsini xüsusi olaraq vurğulayıb və bu məqsəd ilə bağlı qarşıya vəzifələr qoyub. Bununla əlaqədar “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində “yaşıl enerji” zonasının yaradılması ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 3 may tarixli Sərəncamı ilə Energetika Nazirliyinə vəsait ayrılıb.
“Yaşıl Enerji Zonası” yaradılmasına dair ölkə Prezidentinin müvafiq tapşırığına uyğun olaraq, BP şirkəti ilə 2021-ci il 3 iyun tarixində Zəngilan/Cəbrayıl ərazisində 240 meqavat gücündə GES-in tikintisi layihəsinin qiymətləndirilməsi və həyata keçirilməsi fəaliyyəti üzrə əməkdaşlığa dair “İcra Müqaviləsi” imzalanmış və bu sahədə işlər davam etdirilir.
İşğaldan azad olunmuş ərazilərdə aparılacaq quruculuq işlərində məhz “yaşıl” enerji layihələrinə üstünlük verilir. İlkin qiymətləndirməyə əsasən, ərazinin günəş enerjisi potensialı 7200 meqavat və külək enerjisi potensialı 2000 meqavat olaraq müəyyən edilib. Həmin ərazilərin bərpa olunan enerji potensialından səmərəli istifadə etmək məqsədilə Kəlbəcər və Laçın rayonları ərazisində ilkin qiymətləndirmə nəticəsində müəyyənləşdirilmiş sahələrdə özəl investisiya hesabına 100 meqavat gücündə külək enerjisi layihəsinin həyata keçirilməsi məqsədilə Agentlik tərəfindən “Məlumat sorğusu” sənədi (RFI) hazırlanıb və bu sahədə ixtisaslaşmış enerji şirkətlərinə təqdim olunub.
Torpaqlarımızın işğaldan azad edilməsi qarşımızda yeni vəzifələr, fəaliyyət planları müəyyənləşdirir. Biz azad edilmiş torpaqlarımızdakı hər evə qayıdış planına uyğun olaraq işıq, enerji, həyat gətirmək üçün daha böyük əzmlə çalışmaq lazımdır.
Bütün bunlar dövlətimizin başçısının həyata keçirdiyi çoxşaxəli inkişaf siyasətinin və bu siyasətdən irəli gələn vəzifələri energetika sektorunda layiqincə yerinə yetirən Azərbaycan energetiklərinin çətin və şərəfli əməyinin bəhrəsi olan bu reallıqlar gələcəyə daha nikbin baxmağa əsas yaradır.
AZƏRTAC energetiklərimizi peşə bayramları münasibətilə təbrik edir, onlara yeni-yeni nailiyyətlər arzulayır.

Energetika 2022-10-20 09:05:00