×
A
A
A
Sazlamalar

Maşın təlimi metodlarının tətbiqinin nəticələri beynəlxalq konfransda müzakirə olunub

Bakı, 18 oktyabr, AZƏRTAC

Elektron tibbin formalaşması həkim qərarlarının qəbulunu dəstəkləyən intellektual sistemlərin inkişafına təkan verərək bir sıra xəstəliklərlə yanaşı, həm də xərçəng səbəbindən ölənlərin sayına görə dünyada üçüncü yeri tutan, qaraciyər xərçəngi kimi tanınan hepatosellular karsinomanın ilkin diaqnozu və proqnozlaşdırılması üçün süni intellekt metodlarının tətbiqini aktuallaşdırıb.
İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri AMEA-nın müxbir üzvü, tibb elmləri doktoru professor Məsumə Məmmədova, tibb elmləri doktoru dosent Zərifə Cəbrayılova, kiçik elmi işçilər Lalə Qarayeva və Aytən Əhmədovanın həmmüəllifi olduqları “Maşın təlimi alqoritmindən istifadə etməklə hepatosellular karsinomanın proqnozlaşdırılması” adlı məruzə ABŞ-ın Elektrotexnika və Elektronika Mühəndisləri İnstitutunun, Azərbaycan Diplomatik Akademiyasının və ABŞ-ın Corc Vaşinqton Universitetinin birgə təşkilatçılığı ilə “İnformasiya və kommunikasiya texnologiyalarının tətbiqi” mövzusunda keçirilən 16-cı beynəlxalq konfransda (AICT2022) müzakirə olunub.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib.
Məruzəni Lalə Qarayeva təqdim edərək qaraciyər xərçəngi kimi tanınan hepatosellular karsinomanın (HSK) ilkin diaqnozu və proqnozlaşdırılması məsələsinin həlli üçün maşın təlimi alqoritmlərinin tətbiqi imkanlarının araşdırılması istiqamətində aparılan tədqiqatın nəticələrindən bəhs edib. Məruzədə HSK-nın proqnozlaşdırılması üçün tətbiq edilmiş Random Forest (RF), Vektor Maşın (SVM) və Logistik Reqressiya maşın təlimi alqoritmlərinin nəticələri, bu 3 alqoritmin tətbiqi ilə qurulmuş xəta matrisi və xəta matrisi meyarlarının hesablanmış qiymətləri təqdim olunub. Alqoritmlərin performansının qiymətləndirilməsi üçün aparılmış çarpaz doğrulamadan alınan nəticələr əvvəlkilərlə müqayisə edilib və RF alqoritminin daha yüksək nəticə göstərdiyi müəyyənləşdirilib.
Qeyd edək ki, “AICT2022” konfransının məruzələr toplusu beynəlxalq bazalarında indeksləşir və referatlaşır.

Texnologiya 2022-10-18 17:57:00