×
A
A
A
Sazlamalar

Azərbaycanlı alim beynəlxalq konfransda kompüter şəbəkəsinin proaktiv monitorinqinə dair məruzə edib

Bakı, 18 oktyabr, AZƏRTAC

Kompüter şəbəkələrində yaranan anomal vəziyyətlər mühüm məlumatların itirilməsinə, şəbəkə xidmətlərinin və tətbiqlərinin işinin pozulmasına gətirib çıxara bilər və nəticədə iqtisadi itkilər baş verə və milli təhlükəsizliyə təhdidlər yarana bilər. Buna görə də, kompüter şəbəkələrində anomal vəziyyətlərin erkən aşkar edilməsi və proqnozlaşdırılması çox vacibdir və bu da intellektual proaktiv monitorinqin köməyi ilə mümkündür.
İnformasiya Texnologiyaları İnstitutunun baş elmi işçisi texnika üzrə fəlsəfə doktoru, dosent Ramiz Şıxəliyev ABŞ-ın Elektrotexnika və Elektronika Mühəndisləri İnstitutunun, Azərbaycan Diplomatik Akademiyasının və ABŞ-ın Corc Vaşinqton Universitetinin birgə təşkilatçılığı ilə “İnformasiya və kommunikasiya texnologiyalarının tətbiqi” (AICT2022) mövzusunda Vaşinqtonda keçirilmiş 16-cı beynəlxalq konfransda “Bircins LSTM ansamblı əsasında kompüter şəbəkəsinin proaktiv monitorinqi” adlı məruzə ilə çıxış edib.
Məruzədə kompüter şəbəkələrində anomal vəziyyətlərin aşkar edilməsi və proqnozlaşdırılması üçün təklif edilmiş intellektual proaktiv monitorinq metodu haqqında məlumat verilib. Bu metod bircins dərin neyron şəbəkələrin ansamblının istifadəsinə əsaslanır. Öyrənmə alqoritmi kimi LSTM (Long Short-Term Memory) modeli istifadə edilib. LSTM ansamblı üçün əsas öyrənmə modellərinin yaradılması üçün isə “Bagging” alqoritmi istifadə edilib. Təklif edilmiş metod kompüter şəbəkələrində anomal vəziyyətlərin proqnozlaşdırılmasının dəqiqliyinin artırılmasına imkan verir. Hər bir proqnozun qiymətləndirməsi üçün etibarlılıq metrikası tətbiq edilib. İşlənmiş metodun qiymətləndirilməsi üçün Nyu-Brunsvik Universitetinin Kanada Kibertəhlükəsizlik İnstitutu tərəfindən toplanmış müdaxilənin aşkarlanmasının qiymətləndirilməsi verilənlər bazasından (CICIDS2017) istifadə olunub və yüksək nəticələr əldə edilib.
Qeyd edək ki, “AICT2022” konfransının məruzələr toplusu “Web of Science”, “Scopus” və s. bu kimi beynəlxalq bazalarında indeksləşir və referatlaşır.

Texnologiya 2022-10-18 15:42:00