×
A
A
A
Sazlamalar

Sabah Bakıda Xəzər İnşaat Həftəsinə start veriləcək

Bakı, 18 oktyabr, AZƏRTAC

Oktyabrın 19-dan 21-dək İkinci Azərbaycan Beynəlxalq “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı “Rebuild Karabakh”, 27-ci Azərbaycan Beynəlxalq İnşaat “BakuBuild” və 14-cü Beynəlxalq İstilik, Havalandırma, Kondisionerləşdirilmə, Su təchizatı, Santexnika və Üzgüçülük Hovuzu “Aquatherm Baku” sərgilərini bir araya gətirən Xəzər İnşaat Həftəsi keçiriləcək.
“Caspian Event Organisers” şirkətindən AZƏRTAC-a bildirilib ki, tədbir Bakı Ekspo Mərkəzinin 2 zalında və foyesində yer alacaq. Hər il sərgini müxtəlif ölkələrdən minlərlə mütəxəssis ziyarət edir və burada biznes tərəfdaşları tapır.
“Caspian Event Organisers” şirkətinin baş direktoru Fərid Məmmədovun sözlərinə görə, bu il sərginin ekspozisiyalarında ötən illə müqayisədə 10 faiz artım nümayiş edilir: “İnşaat Həftəsinə dünyanın 17 ölkəsindən 300-dən çox şirkət qatılır. İştirakçılar arasında həm daimi, həm də yeni şirkətlər var. Almaniya, Birləşmiş Ərəb Əmirlikləri, İran, Rusiya və Türkiyə milli və regional pavilyonları təmsil edir. Bu göstəricilər tikinti sənayesinin intensiv inkişafını, eləcə də biznes tərəfdaşı kimi Azərbaycana olan marağı sübut edir. İkinci dəfə keçiriləcək “Rebuild Karabakh” sərgisinin yeni şirkətləri öz sıralarına qəbul edərək müsbət dinamika nümayiş etdirməsi xüsusilə qürur hissi oyadır. Hazırda işğaldan azad edilmiş ərazilərdə dövlətimizin başçısının nəzarəti ilə Qarabağın, xüsusilə Şuşa şəhərinin tarixi simasını bərpa etmək məqsədilə genişmiqyaslı yenidənqurma və bərpa işləri aparılır.
Prezident İlham Əliyev 2022-ci ili “Şuşa İli” elan edib. 2022-ci ilin birinci yarısında əsas kapitala (binaların, infrastrukturun, sənaye obyektlərinin tikintisi) və Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının inkişafına yönəldilən investisiyaların ümumi həcmi 1,76 milyard manat təşkil edib. Cari ilin yekunlarına görə, özəl investisiyaların ümumi həcminin 300 milyon manat olacağı gözlənilir. Xarici podratçıları və investorları cəlb etməklə Qarabağ üçün investisiyaların həcmi xeyli arta bilər. “Rebuild Karabakh” sərgisinin əsas məqsədi də budur. Təqdim olunan innovativ məhsullar, xidmətlər və həllərin müxtəlifliyi Qarabağda birgə layihələrin həyata keçirilməsi üçün müxtəlif sənaye sahələrinin nümayəndələri arasında yeni müqavilələr bağlamaq imkanı yaradır. Bütün bunlar sərginin aktuallığını bir daha təsdiqləyir. Təqdim olunan innovativ məhsullar, xidmətlər və həllər Qarabağda birgə layihələrin həyata keçirilməsi üçün müxtəlif sənaye nümayəndələri arasında yeni müqavilələr bağlamaq imkanı yaradır.
Uzun tarixə malik olan “BakuBuild” və “Aquatherm Baku” özlərini möhkəmlətmiş və tikinti sənayesində innovativ mal və xidmətlərin ölkə bazarına çıxışı üçün daimi kanalları olan sərgilər, görüşlər keçirmək, biznes qurmaq imkanı verəcək. Onu da məmnuniyyətlə bildirmək istəyirəm ki, biz ötən il imzalanmış memorandum çərçivəsində Qarabağ Dirçəliş Fondu ilə əməkdaşlığı davam etdirəcəyik və buna əsasən iştirakçı şirkətlərin qeydiyyat haqlarının bir hissəsi Qarabağ Dirçəliş Fonduna köçürüləcək. Fonda ianə işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması ilə bağlı tapşırıqların icrası üçün əlavə dəstək olacaq”.
“Rebuild Karabakh” sərgisinin işgüzar proqramı Qarabağ və Şərqi Zəngəzur bölgələrinin tikinti və investisiya potensialını müzakirə etmək üçün yaxşı fürsət yaradacaq. Beləliklə, oktyabrın 19-da KOBİA ilə birgə Qarabağda biznes və investisiya imkanları mövzusuna həsr edilən panel müzakirəsi keçiriləcək. Həmin gün Qarabağ Dirçəliş Fondunun təşkilati dəstəyi ilə “Qarabağda Urbisid” fotosərgisinin nümayişi baş tutacaq.
Şəhər ərazilərində böhranların aradan qaldırılması və bərpa üzrə fəaliyyət - Ağalı kəndi və işğaldan azad edilmiş digər yaşayış məntəqələrinin yenidən qurulması haqqında qisametrajlı sənədli film təqdim olunacaq. Həmçinin “İnşaat İnsanları” foto qalereyada Azərbaycanın tikinti sahəsində çalışan peşəkarlarının foto şəkilləri nümayiş ediləcək. Qalereya Azərbaycanın tikinti sənayesinin müxtəlifliyi, xarakteri və quruluşu ilə bağlı bədii və maarifləndirici fikirləri yer alacaq.
Üç gün ərzində keçiriləcək sərgilərin iştirakçıları mal və xidmətlərin geniş çeşidini nümayiş etdirəcəklər.
Sərgilərin təşkilatçıları “Caspian Event Organisers” və “Iteca Caspian” şirkətləri və onların tərəfdaşları “Caspian Event Management”, “ICA Eurasia” və digərləridir.
Sərgilərdən ən son xəbərlər operativ şəkildə sosial şəbəkələrdə və internet saytlarında yerləşdiriləcək: “www.rebuildkarabakh.az”; “www.bakubuild.az”; “www.aquatherm.az”.

Tikinti̇ 2022-10-18 14:33:00