×
A
A
A
Sazlamalar

Paytaxtın Nərimanov rayonunda 2 küçə əsaslı təmir olunub

Bakı, 13 oktyabr, AZƏRTAC

Vətəndaşların rahat gediş-gəlişini təmin etmək məqsədilə Bakı şəhərinin Nərimanov rayonu ərazisində kompleks tədbirlər həyata keçirilir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, bu çərçivədə “İnvestisiya Proqramı”na əsasən, rayonun 1230 metr uzunluğa malik Əliəşrəf Əlizadə və uzunluğu 340 metr təşkil edən Tələt Şıxəliyev küçələrində aparılan əsaslı təmir işləri yekunlaşıb.
Ortalama eni 9 metr olan Əliəşrəf Əlizadə küçəsində aparılan təmir çərçivəsində mövcud piyada səkiləri 5602 kvadratmetr sahədə bərpa olunub, 2827 poqonometr yeni səki daşları düzülüb.
Daha sonra küçəboyu frezlənmə və yeni asfalt-beton örtüyünün döşənməsi icra olunub. Eni 7 metr təşkil edən Tələt Şıxəliyev küçəsində sadalanan işlərlə yanaşı, 898 poqonometr yeni səki daşları düzülüb, 460 kvadratmetr sahədə piyada səkiləri bərpa olunub. Yenidənqurma işləri zamanı küçələrdə kommunikasiya xətlərinin baxış qapaqları yenisi ilə əvəz edilib.
Son mərhələdə küçələr zəruri yol nişanları, üfüqi nişanlanma xətləri, piyada zolaqları və parkinq yerləri ilə təmin olunaraq müasir görkəmdə istifadəyə verilib. Cari ildə Nərimanov rayonu üzrə təmir olunan küçələrin ümumi uzunluğu 7,6 kilometr təşkil edir.
Xatırladaq ki, agentlik tərəfindən 2021-ci ildə Nərimanov rayonu ərazisində ümumi uzunluğu 10,4 kilometr olan küçələr təmir edilib.

 

Tikinti̇ 2022-10-13 18:21:00