×
A
A
A
Sazlamalar

Bakı-Şamaxı-Yevlax avtomobil yolunda daha bir piyada keçidi istifadəyə verilib VİDEO

Bakı, 13 oktyabr, AZƏRTAC

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilən kompleks tədbirlər çərçivəsində Bakı şəhərində və magistral avtomobil yollarının paytaxta yaxın ərazidən keçən hissələrində yaşayan vətəndaşların təhlükəsizliyinin təmin olunması məqsədilə bir neçə yerdə yerüstü piyada keçidlərinin inşası aparılır.
Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, bu istiqamətdə daha bir layihə yekunlaşıb. Belə ki, M-4 Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 18,5-ci kilometrində inşa olunan yerüstü piyada keçidi istifadəyə verilib.
Piyada keçidinin tikintisi layihəsi çərçivəsində yolun hər iki tərəfində yeni avtobus ciblikləri, iki avtobus dayanacağının, keçidin istismarına nəzarət edən işçilər üçün bir nəzarət otağının tikintisi işləri, həmçinin piyada keçidinin ətrafında abadlaşdırılma işləri görülüb.
Qeyd olunub ki, iki giriş-çıxışdan ibarət piyada keçidi orta dayaqsız metal konstruksiyalıdır, ümumi uzunluğu 40,4 metr, aşırım hissəsinin uzunluğu 33 metr, eni 3,5 metr, pilləkənlərin eni 3 metr, yol səviyyəsindən hündürlüyü 5,5 metr təşkil edir. Keçiddə fiziki məhdudiyyətli şəxslərin rahat hərəkətini təmin etmək üçün müasir lift sistemləri quraşdırılıb. Həmçinin videomüşahidə qurğuları quraşdırılıb ki, bu da fasiləsiz nəzarətə imkan yaradır.
Xatırladaq ki, bir müddət öncə Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 14,9-cu kilometrində inşa olunan daha bir yerüstü piyada keçidi istifadəyə verilib. Hazırda sözügedən magistral yolun 20,2 və 25-ci kilometrlik hissələrində də yüngül konstruksiyalı keçidlər inşa edilir. Tikinti işlərinin cari il ərzində başa çatdırılması nəzərdə tutulur, 21,4-cü kilometrlik hissədə isə yeni keçidin tikintisi üçün sənədləşmə işləri aparılır.
Tədbirlər planına uyğun olaraq növbəti illərdə digər ərazilərdə də piyada keçidlərinin inşası aparılacaq.
Keçidin istifadəyə verilməsi mərasimində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müavini Əvəz Qocayev, Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev və agentliyin əməkdaşları iştirak ediblər.

 

Tikinti̇ 2022-10-13 14:57:00

Video