×
A
A
A
Sazlamalar

Pilotsuz uçuş aparatlarının avtonom naviqasiyasının təmin olunması metodları müqayisəli analiz edilib

Bakı, 12 oktyabr, AZƏRTAC

İnformasiya Texnologiyaları İnstitutunda növbəti onlayn elmi seminar keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, tədbirdə institutun doktorantı Orxan Vəlixanlı “Pilotsuz uçuş aparatlarının avtonom naviqasiyasının təmin edilməsi metodlarının müqayisəli analizi” mövzusunda məruzəni təqdim edib. O.Vəlixanlı pilotsuz uçuş aparatlarının (PUA) naviqasiyasının təmin olunması üçün istifadə olunan müxtəlif sistemlər haqqında ətraflı məlumat verib.
Tədqiqatçı xüsusi radioötürücülərdən istifadə ilə PUA-ya qarşı edilən spufinq hücumu, baş vermiş spufinq və əngəlləmə kiberhücumlarından bəhs edib. Spufinq kiberhücumu ilə mübarizə üçün irəli sürülmüş metodlar (siqnalın gəliş istiqamətinə və siqnal emalına əsaslanan metod, şifrələmə, maşın və dərin təlim metodları, hibrid metodlar) haqqında danışıb.
Sonra AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, şöbənin rəhbəri, akademik Rasim Əliquliyev çıxış edərək gənc tədqiqatçıya mövzunun daha dərindən araşdırılmasına dair təklif və tövsiyələr verib, müvafiq istiqamətdə tədqiqatların intensivləşdirilməsinin zəruriliyini vurğulayıb.

Texnologiya 2022-10-12 17:13:00