×
A
A
A
Sazlamalar

Binəqədi rayonunun M.Ə.Rəsulzadə qəsəbəsində əsas yollardan birinin təmiri davam etdirilir

Bakı, 12 oktyabr, AZƏRTAC

Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması məqsədilə 2022-ci ilin “İnvestisiya Proqramı”na uyğun olaraq, Bakı şəhərinin Binəqədi rayonu üzrə ümumi uzunluğu 13,06 kilometr təşkil edən küçə və yolun təmiri işləri aparılır. Bu istiqamətdə rayonun M.Ə. Rəsulzadə qəsəbəsi üzrə “Baksol” yolu adlanan avtomobil yolunda təmir işləri davam etdirilir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, hazırda ümumi uzunluğu 3,21 kilometr olan yolda aparılan işlər tərtib olunmuş qrafikə uyğun və texnoloji ardıcıllıqla həyata keçirilir.
Ərazidə yeni səki daşlarının düzülməsi, eyni zamanda, yolboyu köhnə asfalt örtüyünün frezlənməsi işləri aparılır.
Hərəkət intensivliyi nəzərə alınaraq təmir işləri yolda hərəkət məhdudlaşdırılmadan icra edilir. Yalnız təmir işlərinin icra edildiyi hərəkət zolaqları üzrə hissə-hissə qismən məhdudlaşdırma tətbiq olunur. Bu səbəbdən sürücülərdən təmir işlərinin aparıldığı müddət ərzində sözügedən yolda hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına riayət etmələri xahiş edilir.
Təmir işləri çərçivəsində yolboyu zəruri yerlərdə əsasın deformasiyaya uğramış hissələrin qazılaraq kənarlaşdırılması, əks-dolğu və yeni asfalt örtüyünün döşənməsi işləri həyata keçiriləcək.
Layihənin sonuncu mərhələsində avtonəqliyyat vasitələrinin normal hərəkətinin təşkili üçün yol-cizgi və yolgöstərici xətlər, həmçinin piyada zolaqları çəkilməklə müasir yol infrastrukturu yaradılacaq.
Qeyd olunub ki, agentlik tərəfindən 2021-ci ildə Binəqədi rayonu üzrə 15,4 kilometr uzunluğa malik küçə təmir edilib.

Tikinti̇ 2022-10-12 12:00:00