×
A
A
A
Sazlamalar

Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktor müavini 3-cü Xəzər Avropa Forumuna qatılıb

Bakı, 11 oktyabr, AZƏRTAC

Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktor müavini Kamran Hüseynov Almaniyanın paytaxtı Berlin şəhərində hibrid formatda keçirilən 3-cü Xəzər Avropa Forumuna qatılıb.
Agentlikdən AZƏRTAC-a bildirilib ki, Kamran Hüseynov “Avropada yeni regional təhlükəsizlik” adlı sessiyada “Azərbaycanda bərpa olunan enerji və hidrogen enerjisinin inkişafı” mövzusunda onlayn formatda çıxış edib.
O, diqqətə çatdırıb ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2021-ci il 2 fevral tarixli Sərəncamı ilə təsdiqlənən “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədinə əsasən cari onillikdə qlobal iqlim dəyişikliklərinin miqyası nəzərə alınaraq “yaşıl enerji” mənbələrindən istifadə təşviq edilir. Direktor müavini, həmçinin Azərbaycanın bərpa olunan enerji potensialından, beynəlxalq şirkətlərlə imzalanan müqavilələrdən, həyata keçiriləcək pilot layihələrdən və işğaldan azad olunan ərazilərdə “Yaşıl Enerji Zonası” yaradılması istiqamətində görülən işlərdən danışıb.
Xəzər dənizinin Azərbaycan akvatoriyasında külək enerjisi potensialı, Beynəlxalq Maliyyə Korporasiyası (IFC) ilə əməkdaşlıq çərçivəsində dənizdə külək enerjisindən istifadənin inkişafı üzrə hazırlanan Yol Xəritəsi barədə məlumat verilib. Həmçinin hidrogen istehsalı və ixracı potensialı, bu istiqamətdə yaradılan İşçi Qrupunun fəaliyyəti diqqətə çatdırılıb.
Tədbirdə Xəzər hövzəsi və Mərkəzi Asiya ölkələrinin, həmçinin Almaniyanın hökumət nümayəndələrinin, beynəlxalq təşkilatların və şirkətlərin yüksək səviyyəli rəhbər şəxsləri iştirak ediblər.

Energetika 2022-10-11 19:11:00