×
A
A
A
Sazlamalar

Sabunçu rayonunun Balaxanı qəsəbəsində “Milli Ön” ödəmə terminalını oğurlayan şəxslər saxlanılıblar VİDEO

Bakı, 11 oktyabr, AZƏRTAC

Sabunçu rayonunun Balaxanı qəsəbəsində quraşdırılan içərisində 5405 manat olan “Milli Ön” ödəniş terminalı oğurlanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, rayon polis idarəsinin 12-ci polis şöbəsinin əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbiri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Roman Abbasov və Saleh Nağızadə müəyyən olunaraq saxlanılıblar. Bu şəxslər aparatı oğurladıqdan sonra Balaxanı qəsəbəsi ərazisində sındıraraq kassadakı pulları əldə ediblər.
Araşdırma zamanı müəyyənləşdirilib ki, ödəniş terminalı həmin ərazidən Saleh Nağızadəyə məxsus avtomobillə aparılıb.
Saxlanılan şəxslərin terminaldan oğurluq etməsi ərazidə quraşdırılan təhlükəsizlik kameraları vasitəsi ilə də anbaan qeydə alınıb.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin istintaq şöbəsində cinayət işi başlanılıb.
Hadisədə iştirak edən digər şəxslərin də saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Hadisə 2022-10-11 14:22:00

Video