×
A
A
A
Sazlamalar

Xətai və Binəqədi rayonları üzrə metodiki seminarlar təşkil edilib

Bakı, 11 oktyabr, AZƏRTAC

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin rəhbər və pedaqoji heyəti üçün metodiki seminarlar davam edir.
Bu barədə AZƏRTAC-a BŞTİ-dən məlumat verilib. Bildirilib ki, növbəti sessiyalar Xətai və Binəqədi rayonlarının ümumi təhsil məktəblərini əhatə edib.
Məktəb direktorları üçün təşkil olunmuş seminarlarda Təlimə Dəstək Mərkəzinin (TDM) direktoru İlkin Həsənov məktəb mühiti, müəllimlərin peşəkarlıq səviyyəsinin artırılması, şagirdlərin hərtərəfli vətəndaş kimi formalaşdırılması, fənn olimpiadalarına hazırlıq və valideynlərlə işin qurulması məsələlərinə toxunub. İ.Həsənov metodiki seminarların əhəmiyyətindən və müzakirə olunan məsələlərin nəticələrindən də danışıb.
Digər sessiyalarda təlim keyfiyyətinin artırılması istiqamətində səmərəli yanaşmalar, məktəbdaxili metodiki işə nəzarət, istedadlı şagirdlərlə iş, qiymətləndirmə işinin təşkili, sosial layihə və fəaliyyətlərin planlaşdırılması, təmayülləşmənin tətbiqinin genişləndirilməsində valideynlərin maarifləndirilməsi, ictimaiyyətlə əlaqələr, məktəb saytlarının idarə olunması və digər müvafiq mövzularda çıxışlar edilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Sessiyalarda qeyd olunan məsələlərlə bağlı təklif və tövsiyələr səsləndirilib. Müvafiq məsələlər ətrafında müzakirələr aparılıb.
Qeyd edək ki, seminarların əsas məqsədi tədrisin səmərəli təşkili işinə dəstək vermək, ümumi təhsil sahəsində müasir dövrün çağırışlarına əsaslanmaqla inkişafı şərtləndirən keyfiyyət dəyişikliklərinə nail olmaq, təhsildə keyfiyyətin dayanıqlı olmasını təmin etmək, bu prosesdə BŞTİ-nin və tabeliyindəki ümumi təhsil məktəblərinin pedaqoji kollektivlərinin imkanlarını səfərbər etməkdən ibarətdir.
Metodiki seminarlarda BŞTİ-nin müvafiq struktur bölmə əməkdaşları, TDM-in nümayəndələri, məktəb direktorları, təlim-tərbiyə və təşkilati işlər üzrə direktor müavinləri, psixoloqlar, kitabxanaçılar, fənn metodbirləşmə rəhbərləri, məktəb saytlarını idarə edən şəxslər iştirak ediblər.

Texnologiya 2022-10-11 11:23:00