×
A
A
A
Sazlamalar

Keçmiş məhkum, narkotik aludəçisi ürək tutmasından ölüb

Bakı, 10 oktyabr, AZƏRTAC

Paytaxtın Nərimanov Rayon Polis İdarəsinin inzibati saxlama məntəqəsində ölüm hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, məhkəmə qərarı ilə barəsində 30 sutka inzibati həbs tənbeh tədbiri tətbiq olunan, əvvəllər Cinayət Məcəlləsinin 178-ci (Dələduzluq), 234-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri dörd dəfə məhkum olunan, narkotik aludəçisi 1975-ci il təvəllüdlü Elşad Seyidovun qəfil halı pisləşdiyi üçün polis əməkdaşları tərəfindən təcili tibbi yardım çağırılıb. Tibbi səylərə baxmayaraq, o ölüb.
Ölüm faktı ilə əlaqədar məhkəmə-tibb ekspertizası təyin edilib, ekspertlər, prokurorluq əməkdaşları cəsədə baxış keçirib. İlkin xarici müayinə zamanı meyit üzərində hər hansı xəsarət aşkarlanmayıb.
Faktla bağlı rayon polis idarəsində araşdırma aparılır.

 

 

Hadisə 2022-10-10 13:12:00