×
A
A
A
Sazlamalar

ADA Universitetində UNESCO üzrə Milli komissiyaların Baş katibləri üçün təlimlər yekunlaşıb

Bakı, 7 oktyabr, AZƏRTAC

ADA Universiteti, Universitetin İnkişaf və Diplomatiya İnstitutu və UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının birgə təşkilatçılığı ilə keçirilən təlim proqramı başa çatıb.
Təlimdə Afrikanın 14 ölkəsinin UNESCO üzrə Milli komissiyalarının Baş katibləri və nümayəndələri iştirak ediblər.
Universitetdən AZƏRTAC-a bildirilib ki, oktyabrın 7-də keçirilən yekun tədbirdə İnkişaf və Diplomatiya İnstitutunun direktor müavini Aygün Hacıyeva, İxtisasartırma Proqramlarının direktoru Nərgiz İsmayılova, Xüsusi tapşırıqlar üzrə səfir, UNESCO üzrə Milli Komissiyanın Baş katibi Seymur Fətəliyev iştirakçılar qarşısında çıxış edərək, onları təlim proqramını başa vurmaları münasibətilə təbrik ediblər. Çıxışçılar bildiriblər ki, ölkəmizdə UNESCO üzrə milli komissiyalarının Baş katibləri və nümayəndələri üçün ilk dəfə olaraq belə bir təlim həyata keçirilib. Buna baxmayaraq, proqram uğurla icra edilib və iştirakçılarda ölkəmizlə bağlı dolğun təəssüratın yaranmasına səbəb olub. Əlavə edilib ki, təlimlərin əsas məqsədi UNESCO çərçivəsində mövcud olan əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsi, sözügedən regionda ölkəmiz barədə məlumatlılığın artırılması və işğaldan azad olunmuş torpaqlarımızda bərpa-quruculuq işləri haqqında yeniliklərin çatdırılmasıdır.
İştirakçılardan Uqandanı təmsil edən Rosie Agoi proqram sayəsində Azərbaycanın tarixi və mədəniyyəti barədə geniş təsəvvürə malik olduğunu bildirib və ölkəmizlə bağlı yazdığı şeirini səsləndirib.
Xatırladaq ki, nümayəndə heyəti proqram ərzində Füzuli və Şuşaya səfər edib, Azərbaycanın Dünya Mədəni İrs Siyahısına daxil olan yerlərini də ziyarət ediblər.

Elm və təhsil 2022-10-07 20:11:00