×
A
A
A
Sazlamalar

Regionlarda şəhid ailələri və müharibə əlillərinə 60 fərdi ev təqdim olunub

Bakı, 7 oktyabr, AZƏRTAC

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun tarixi Zəfərlə başa vurduğu 44 günlük Vətən müharibəsindən sonrakı dövrdə şəhid ailələri və müharibə əlilləri ilə bağlı genişmiqyaslı sosial dəstək tədbirləri həyata keçirilir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, həmin tədbirlərin davamı olaraq, bu gün ölkənin 24 rayonunda (Biləsuvar, Sabirabad, Zərdab, Salyan, Beyləqan, Ağsu və digər) 60 fərdi ev şəhid ailələri və müharibə əlillərinə təqdim olunub.
Biləsuvar rayonunda şəhid ailələri və müharibə əlillərinə yeni fərdi evlərin sənədlərini əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev və Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov təqdim ediblər.
Qeyd olunub ki, xalqımıza möhtəşəm Zəfər sevinci bəxş edən qəhrəman şəhidlərimizin ailələrinə, müharibədə sağlamlıqlarını itirən igid hərbi qulluqçularımıza daim xüsusi diqqət və qayğı göstərilir. Onların sosial müdafiəsi, o cümlədən mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində ardıcıl olaraq mühüm addımlar atılır.
Bunun daha bir təsdiqi olaraq, 44 günlük Vətən müharibəsindən sonrakı dövrdə şəhid ailələri və müharibə əlillərinin mənzillə təminatı proqramı 5 dəfə genişləndirilib.
Bu gün ölkəmizin müxtəlif bölgələrində təqdim edilən 60 fərdi ev də daxil olmaqla şəhid ailələri və müharibə əlillərinə postmüharibə dövründə 3 min 900, ümumilikdə ötən dövrdə 12 min 900-dən çox mənzil və fərdi ev verilib.
Şəhid ailələri və müharibə əlillərinə bu il üzrə 1500 mənzil və fərdi ev verilməsi nəzərdə tutulub ki, artıq 900-dən çoxu təqdim edilib. Onlardan 500-ü regionlarda inşa edilən fərdi evlərdir. Yeni fərdi evlərdə ailələrin rahat yaşaması üçün hər cür şərait yaradılıb.
Fərdi evlərlə təmin edilən şəhid ailələri və müharibə əlilləri diqqət və qayğı ilə əhatə olunduqlarına, bu gün yeni evlərlə təmin edildiklərinə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

Sosial 2022-10-07 17:11:00