×
A
A
A
Sazlamalar

Azərbaycanla CAR parlamentləri arasında əlaqələrin genişləndirilməsi imkanları müzakirə edilib

Bakı, 7 oktyabr, AZƏRTAC

İndoneziyanın paytaxtı Cakartaya işgüzar səfəri çərçivəsində Milli Məclisin sədri Sahibə Qafarova oktyabrın 7-də Cənubi Afrika Respublikası (CAR) Milli Assambleyasının sədri Nosivive Mapisa-Nqakula ilə görüşüb.
Parlamentin Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, görüşdə Sahibə Qafarova Milli Assambleyanın sədrini salamlayaraq, onunla yenidən görüşməkdən məmnunluğunu ifadə edib. O, bu il Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakıda keçirilən konfransı çərçivəsində Nosivive Mapisa-Nqakula ilə görüşünü xatırladaraq, Milli Assambleya sədrinin həmin tədbirdə iştirakını yüksək qiymətləndirib. Cənubi Afrika Respublikası Milli Assambleyasının Parlament Şəbəkəsinin Madriddə keçirilən təsis yığıncağında da təmsil olunduğunu deyən Milli Məclisin sədri Parlament Şəbəkəsinin növbəti konfransında təşkilatın institusional inkişafı baxımından mühüm məsələlərin müzakirəsinin nəzərdə tutulduğunu qeyd edib, bu təşkilat çərçivəsində əməkdaşlığın önəmini diqqətə çatdırıb.
Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə yaradıldığını vurğulayan Sahibə Qafarova dövlətimizin başçısının Parlament Şəbəkəsinin bu ildə Bakıda keçirilən birinci konfransında çıxış edərək, təsisatın inkişafı və fəaliyyətinin genişləndirilməsi, Qoşulmama Hərəkatına üzv ölkələrin parlamentariləri arasında qarşılıqlı əlaqə və əməkdaşlığın dərinləşdirilməsi ilə bağlı fikirlərini diqqətə çatdırıb.
Sahibə Qafarova Parlament Şəbəkəsinin çoxtərəfliliyi, dialoqu və parlamentlərarası əməkdaşlığı təşviq etmək üçün mühüm platformaya çevriləcəyinə inamını ifadə edib. Bildirilib ki, bu şəbəkə üzv parlamentlərin birgə fəaliyyətinin əlaqələndirilməsinə, ölkələrimizin səsinin beynəlxalq aləmdə eşidilməsinə, qarşılıqlı maraq doğuran məsələlərin həllinə töhfə verə biləcək təsisatdır.
Milli Məclisin sədri görüşdə Azərbaycan Prezidentinin təşəbbüsü ilə Gənclər Şəbəkəsinin bazasında Qoşulmama Hərəkatının Gənclər Təşkilatının təsis olunması, COVID-19 pandemiyası ilə mübarizəyə dair BMT Baş Assambleyasının Xüsusi Sessiyasının keçirilməsi, koronavirus əleyhinə peyvəndlərə bərabər, əlverişli, vaxtında və universal çıxışın təmin edilməsinə dair qətnamələrin qəbulu, pandemiyadan sonrakı dövr üçün qlobal tədbirlərə dair tövsiyələrin hazırlanmasına diqqəti yönəldən "COVID-19"dan sonra Qlobal Bərpa üzrə BMT-nin Yüksək Səviyyəli Panelinin yaradılması təşəbbüsü barədə məlumat verib.
Cənubi Afrika Respublikası Milli Assambleyasının sədri Nosivive Mapisa-Nqakula Milli Məclisin sədri ilə görüşdən məmnunluğunu ifadə edərək, bu il Parlament Şəbəkəsinin Bakı konfransında iştirak etmək məqsədilə ölkəmizə səfərini xatırladıb. O, konfransın yüksək səviyyədə təşkil olunduğunu, ölkəmizdən xoş təəssüratlarla ayrıldığını bildirib. Həmçinin təşkilatın Manamada keçiriləcək konfransında da iştirak edəcəklərini vurğulayıb. Qoşulmama Hərəkatının Cənubi Afrika Respublikası üçün mühüm bir platforma olduğunu deyən Assambleyanın sədri təşkilatın Parlament Şəbəkəsinin yaradılmasının mühüm təşəbbüs olduğunu qeyd edib. O, Şəbəkənin fəaliyyətinə hər cür dəstək göstərməyə hazır olduqlarını söyləyib.
Görüşdə parlamentlərarası əlaqələrin genişləndirilməsi imkanları barədə müzakirələr aparılıb, dostluq qruplarının əməkdaşlığın inkişaf etdirilməsində əhəmiyyəti vurğulanıb, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

Siyasət 2022-10-07 16:50:00