×
A
A
A
Sazlamalar

Beynəlxalq Qızlar Günü münasibətilə bir qrup fəal gənc qızın DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinə səfəri təşkil edilib

Bakı, 7 oktyabr, AZƏRTAC

Beynəlxalq Qızlar Günü münasibətilə keçirilən kampaniya çərçivəsində fəal gənc qızların növbəti tanışlıq səfəri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinə təşkil olunub.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, kampaniya Avropa İttifaqının (Aİ) maliyyə dəstəyi ilə Birləşmiş Millətlər Təşkilatının (BMT) Əhali Fondu və BMT-nin Qadınlar üzrə Agentliyinin “Aİ gender bərabərliyi naminə: birlikdə gender stereotiplərinə və gender əsaslı zorakılığa qarşı”, BMT-nin Əhali Fondunun “Cənubi Qafqazda gender əsaslı cins seçimi və digər zərərli təcrübələrin aradan qaldırılması” proqramları çərçivəsində "Regional İnkişaf” İctimai Birliyi tərəfindən icra edilir.
Məqsəd cəmiyyətdə qız uşaqlarının dəyərini təşviq etmək, onların potensiallarını reallaşdıra bilmələri üçün bərabər imkanların yaradılmasının əhəmiyyətini təbliğ etmək, ictimai fəallığının artırılmasına, liderlik bacarıqlarının inkişafına şərait yaratmaqdır.
Tədbirdə həssas əhali qruplarından (şəhid övladları, əlilliyi olan şəxslər, valideyn himayəsindən məhrum gənclər, internat məktəblərində təhsil alanlar) olan qızlar da daxil olmaqla, ümumilikdə 13-17 yaş arası 22 nəfər iştirak edir.
DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin fəaliyyəti barədə kampaniya iştirakçılarına məlumat verilib. Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılan mərkəzin həssas qrupdan olan şəxslərin yaradıcılıq potensialının inkişafında, onların sosial-psixoloji dəstəklə əhatə olunmasında mühüm önəmi vurğulanıb.
Burada şəhid ailələri üzvləri, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və övladları, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum uşaqlar, aztəminatlı ailələr, əlilliyi olan şəxslər və digər həssas qruplara aid şəxslərin 14 istiqamət üzrə təlimlərə cəlb edildiyi bildirilib.
Eyni vaxtda 140-dan çox benefisiarın təlim ala bildiyi mərkəzdəki təsviri incəsənət, dulusçuluq, musiqi, rəqs, xalçaçılıq, bədii oyma, audio-səsyazma, kulinariya, ifaçılıq və digər studiyalarla tanışlıq olub.
Mərkəzdə xidmətlər şəxslərin hüquq və azadlıqlarının qorunması, şərəf və ləyaqətinə hörmət, bərabərlik, humanizm və konfidensiallıq, gender bərabərliyi prinsipləri əsasında həyata keçirilir.
Qeyd edək ki, oktyabrın 6-dan 11-nə qədər kampaniya iştirakçıları Milli Məclis, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Gənclər və İdman Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, BMT-nin Əhali Fondunun Azərbaycan nümayəndəliyi, ADA Universiteti və “Bakcell” şirkətini ziyarət edəcəklər.
Kampaniya çərçivəsində iştirakçılar qurumların gender bərabərliyinin təşviqi üzrə fəaliyyətləri ilə tanış olur, rəhbər şəxslərlə görüşərək onları maraqlandıran suallara dair müzakirələr aparırlar.

 

 

 

 

 

 

 

Sosial 2022-10-07 11:56:00