×
A
A
A
Sazlamalar

Avropa İttifaqı Bosniya və Herseqovinadakı seçkilərdən razı qalıb

Sarayevo, 6 oktyabr, AZƏRTAC

Avropa İttifaqı (Aİ) Bosniya və Herseqovinadakı seçkilərin ümumilikdə rəqabətli və yaxşı təşkil olunmuş bir mühitdə keçirildiyini qeyd edib.
AZƏRTAC xəbər verir ki, Avropa Komissiyasının məlumatına görə, bundan sonra bütün tərəflər məsuliyyəti öz üzərinə götürməli, Bosniya və Herseqovinanın Aİ-yə üzvlük məqsədinə və islahatlara diqqət yetirməlidir.
“Seçkilərin Avropa standartlarına uyğun keçirilməsinin təmin edilməsi Bosniya və Herseqovinanın Aİ-yə üzvlük müraciətinə dair Avropa Komissiyasının rəyində qeyd olunan əsas prioritetdir. Seçkilərin nəticələri təsdiqləndikdən sonra Avropa İttifaqı bütün siyasi aktorların tam məsuliyyəti öz üzərinə götürməsini və partiya rəhbərlərinin ölkənin Aİ-yə üzvlük yolunda islahatlara diqqəti yönəltmək üçün dövlət, inzibati vahid və kantonlar səviyyəsində sürətlə fəaliyyət göstərən qanunverici orqanlar və hökumətlər yaratmaq üçün əməkdaşlıq etməsini gözləyir”, - deyə məlumatda bildirilir.
Qeyd edək ki, Avropa Komissiyası iyunun 23-də Bosniya və Herseqovinaya Aİ üzvlüyünə namizəd statusu verməyə hazır olduğunu açıqlayıb. Avrokomissiya bu məqsədlə Bosniya və Herseqovinanı müəyyən olunan 14 əsas prioritetin icrası barədə hesabat verməyə dəvət edib.
Xatırladaq ki, oktyabrın 2-də Bosniya və Herseqovinada Rəyasət Heyətinin üzvlərinin, iki inzibati vahid üzrə rəhbərlərin, kanton üzvləri və deputatların müəyyən olunduğu ümumi seçkilər keçirilib.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Sarayevo

Dünya 2022-10-06 18:07:00