×
A
A
A
Sazlamalar

AzMİU-da ABŞ-ın ali təhsil müəssisələri ilə əməkdaşlıq imkanları müzakirə edilib

Bakı, 6 oktyabr, AZƏRTAC

ABŞ-ın ölkəmizdəki səfirliyinin nümayəndələri – regional ingilis dili mütəxəssis Lotti Baker, səfirliyin koordinatorları Raminə Mürşüdova və Səbinə Abdullayeva Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) olublar.
AzMİU-dan AZƏRTAC-a bildirilib ki, görüşdə ABŞ-ın ali təhsil müəssisələri ilə AzMİU arasında yeni əməkdaşlıqların qurulması, eləcə də mövcud əlaqələrin inkişaf etdirilməsi barədə müzakirələr aparılıb. Beynəlxalq əlaqələr üzrə prorektor professor Nərgiz Abdullayeva AzMİU haqqında geniş məlumat verib. Bildirib ki, universitetin 6 fakültəsində bakalavriat səviyyəsində 27, magistratura səviyyəsində 26 ixtisas üzrə 10 mindən çox tələbə, o cümlədən 450-yə yaxın əcnəbi tələbə təhsil alır. AzMİU-da Azərbaycan və rus dilləri ilə yanaşı, 2011-ci ildən etibarən ingilis dilində də tədrisin həyata keçirildiyini diqqətə çatdıran prorektor bu istiqamətdə səfirliklə bir neçə proqram çərçivəsində əməkdaşlıq edildiyini və bu əməkdaşlığın AzMİU rəhbərliyi tərəfindən yüksək qiymətləndirildiyini qeyd edib.
Nərgiz Abdullayeva “English Language Fellow” və bu kimi digər proqramlarda AzMİU-nun aktiv iştirak etdiyini və proqramların imkanlarından yararlanaraq universitetdə ingilis dili səviyyəsinin daha da yüksəldildiyini vurğulayıb. O əlavə edib ki, AzMİU-da ingilis dilinin tədrisi üzrə keyfiyyətin daha da yüksəldilməsi məqsədilə nəzarət prosesinə Kayl Radlinin də cəlb olunması planlaşdırılır.
Görüşə və ətraflı məlumata görə təşəkkür edən Lotti Baker səfirliyin xətti ilə koordinasiya edilən təhsil proqramları, o cümlədən ingilis dili proqramları haqqında geniş məlumat verib.
Müzakirələr zamanı əlaqələrin daha da inkişaf etdirilməsi, yeni əməkdaşlıqlar üçün imkanların nəzərdən keçirilməsi qərara alınıb.
Görüşdə “English Language Fellow” proqramı çərçivəsində ölkəmizə gələn və hazırda AzMİU-da müəllim işləyən Kayl Radli də iştirak edib.

Elm və təhsil 2022-10-06 18:06:00