×
A
A
A
Sazlamalar

Xətai rayonunda Cavanşir küçəsinin əsaslı təmiri davam edir

Bakı, 6 oktyabr, AZƏRTAC
Bakı şəhərinin Xətai rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 1400 metr uzunluğa malik Cavanşir küçəsinin əsaslı təmiri davam edir.
Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, sözügedən küçə torpaq əsaslı və deformasiyaya uğramış asfalt örtükdən ibarət olduğu üçün gediş-gəlişdə problemlərə səbəb olur, hərəkətin rahatlığını və təhlükəsizliyini təmin etmirdi. Aparılan əsaslı təmir işləri ilə bu problem aradan qaldırılacaq.
Təmir işləri çərçivəsində küçəboyu frezlənmə işləri aparılıb, hazırda isə vətəndaşların rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə mövcud piyada səkilərinin bərpa olunması, köhnə səki daşlarının yenilənməsi işləri davam edir. Bu istiqamətdə küçəboyu 2800 poqonometr yeni bordür, 762 poqonometr yeni səki daşları düzüləcək.
“İnşaat norma və qaydaları”nın tələblərinə əsasən küçəyə ikiqat olmaqla yeni asfalt-beton örtüyünün döşənməsi, kommunikasiya xətlərinə aid quyu qapaqlarının layihə hündürlüyünə qaldırılması və zəruri yerlərdə yeni yağış barmaqlıqlarının quraşdırılması işləri icra olunacaq.
Sonuncu mərhələdə küçədə avtonəqliyyat vasitələrinin normal hərəkətinin təşkili üçün üfüqi nişanlanma xətlərinin çəkilişi, zəruri yol nişanlarının quraşdırılması işləri görüləcək.
Yenidənqurma işləri tərtib olunmuş qrafikə və texnoloji ardıcıllığa uyğun şəkildə icra olunur.

Tikinti̇ 2022-10-06 17:06:00