×
A
A
A
Sazlamalar

Neftçalada reproduktiv sağlamlıq mövzusunda maarifləndirici tədbir keçirilib

Bakı, 5 oktyabr, AZƏRTAC

Oktyabrın 5-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən Neftçala Qadın Resurs Mərkəzində “Doğulacaq uşağın cinsinin seçilməsi ilə mübarizə”, “Reproduktiv sağlamlıq və ailə planlaşdırılması” mövzularında maarifləndirmə tədbiri keçirilib.
Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, tədbirdə Komitənin sədr müavini Sədaqət Qəhrəmanova, rayon icra hakimiyyətinin başçısının birinci müavini Şaiq Məmmədov, yerli idarəetmə orqanlarının üzvləri və kənd qadınları iştirak ediblər.
Tədbirdə çıxış edən S.Qəhrəmanova tədbirin mahiyyəti və bu istiqamətdə Dövlət Komitəsi tərəfindən görülən işlər haqqında məlumat verib.
Neftçala Qadın Resurs Mərkəzinin koordinatoru, “Neftçalada Qadınların Sosial İnkişafına Dəstək” İctimai Birliyinin sədri Gülqədəm Mirzəzadə “Bərabər hüquqlar”, Neftçala Rayon Mərkəzi Xəstəxanasının həkimi Nəcibə Abdullayeva “Reproduktiv sağlamlıq, abortların qadınların reproduktiv sağlamlığına mənfi təsiri”, Neftçala Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Gövhər Məmmədova “Ailə planlaşdırılması” mövzularında çıxış ediblər.
Daha sonra mövzu ilə bağlı maarifləndirici videoçarx nümayiş etdirilib.
Sonda mövzu ilə bağlı rayonda mövcud vəziyyət, problemlər, görüləcək işlər müzakirə edilib, dinləyicilərin sualları cavablandırılıb.

Cəmiyyət 2022-10-06 16:56:00