×
A
A
A
Sazlamalar

Yaradıcı İqtisadiyyat üzrə III Ümumdünya Konfransı keçirilir

Bakı, 6 oktyabr, AZƏRTAC

İndoneziya Respublikasının Turizm və Yaradıcı İqtisadiyyat Nazirliyi tərəfindən Bali adasında “İnklüziv yaradıcılıq: Qlobal bərpa” mövzusunda Yaradıcı İqtisadiyyat üzrə III Ümumdünya Konfransı keçirilir. Konfransda yaradıcı sənayelərin iqtisadiyyatda rolunun artırılması, o cümlədən sahəvi inkişaf proseslərinin təmin olunması ilə bağlı müzakirələr aparılır.
AZƏRTAC xəbər verir ki, oktyabrın 6-da konfransın Nazirlər sessiyasında Azərbaycan Respublikası mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev onlayn formada iştirak edib. Qeyd olunan sessiyada əvvəlcə İndoneziyanın turizm və yaradıcı iqtisadiyyat naziri, eləcə də xarici işlər naziri tərəfindən açılış çıxışları edilib. Daha sonra Birləşmiş Millətlər Təşkilatının Ticarət və İnkişaf Konfransı (UNCTAD) tərəfindən hazırlanan qlobal hesabat təqdim olunub.
Sessiyanın sonunda ölkələri təmsil edən çıxışçılara söz verilib. Bu hissədə çıxış edən Elnur Əliyev ölkəmizdə Mədəniyyət və Yaradıcı Sənayelər sahəsində baş verən son proseslər, nazirliyin bu istiqamətdə yanaşması, Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”, eləcə də işğaldan azad edilmiş ərazilərə yaşayış və mədəniyyətin qayıdışından bəhs edib.
Sonda isə “Bali baxışı: Yaradıcı İqtisadiyyat üçün Yol Xəritəsi” adlı sənəd layihəsi nəzərdən keçirilərək qəbul olunub.

Mədəniyyət 2022-10-06 16:53:00