×
A
A
A
Sazlamalar

Beynəlxalq Qızlar Gününə həsr olunmuş maarifləndirmə kampaniyası Lənkəran şəhərində davam edib

Bakı, 6 oktyabr, İ.Cəfərli, AZƏRTAC

“Regional İnkişaf” İctimai Birliyi tərəfindən icra olunan 11 Oktyabr - Beynəlxalq Qızlar Gününə həsr olunmuş maarifləndirici kampaniyanın Bakı, Salyan və Şamaxıdan sonra növbəti tədbiri Lənkəran şəhərində keçirilib. Tədbir Avropa İttifaqının maliyyə dəstəyi, BMT-nin Əhali Fondu (UNFPA) və BMT-nin Qadınlar üzrə Agentliyinin (UN Women) təşkilatçılığı reallaşıb.
AZƏRTAC xəbər verir ki, kampaniya çərçivəsində Lənkəran şəhəri, Əsgər Əliyev adına "Dostluq" parkında təşkil olunan tədbirdə “Regional İnkişaf” İctimai Birliyinin nümayəndələri və könüllüləri tərəfindən sakinlərə qız övladlarının dəyəri, onların hərtərəfli inkişafı və səlahiyyətləndirilməsinin əhəmiyyəti barədə məlumatlar təqdim edilib, müxtəlif maarifləndirici materiallar paylanılıb, maraqlı müsabiqə və interaktiv oyunlar keçirilib. Robotexnika və rəsm guşələri də ziyarətçilər, xüsusən də uşaqlar tərəfindən böyük maraqla qarşılanıb.
Kampaniyanın məqsədi cəmiyyətdə qız uşaqlarının dəyərinin təşviq edilməsi və onların öz potensiallarını reallaşdıra bilməsi üçün bərabər imkanların əhəmiyyətinin təbliğ edilməsidir.
Doqquz gün davam edəcək kampaniya çərçivəsində xüsusi tərtibatla dizayn edilmiş avtobusun iştirakı ilə növbəti səyyar maarifləndirmə tədbirlərinin Yardımlı, İmişli, Yevlax, Şəki və Xaçmaz şəhərlərində təşkili nəzərdə tutulur.
Kampaniya Avropa İttifaqının maliyyə dəstəyi ilə BMT-nin Əhali Fondu (UNFPA) və BMT-nin Qadınlar üzrə Agentliyi (UN Women) tərəfindən həyata keçirilən “Avropa İttifaqı gender bərabərliyi naminə: birlikdə gender stereotiplərinə və gender əsaslı zorakılığa qarşı” və BMT-nin Əhali Fondunun icra etdiyi “Cənubi Qafqazda gender əsaslı cins seçimi və digər zərərli təcrübələrin aradan qaldırılması” proqramları çərçivəsində təşkil olunur.

Regionlar 2022-10-06 16:10:00