×
A
A
A
Sazlamalar

Azərbaycan alimi “CRDF Global”ın təşkilatçılığı ilə keçirilən seminarda iştirak edib

Bakı, 6 oktyabr, AZƏRTAC

İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Ramiz Alıquliyev Türkiyənin İzmir şəhərində ABŞ Dövlət Departamentinin dəstəyilə “CRDF Global” təşkilatı tərəfindən keçirilən “Akademik dairələrdə kibertəhlükəsizlik imkanlarının təkmilləşdirilməsi üzrə seminar”da iştirak edib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, akademik mühitdə kiberoğurluq məsələlərinə həsr olunmuş seminarın keçirilməsində məqsəd elmi-tədqiqat institutlarının kibertəhlükələrdən müdafiə və onlara cavab vermək istiqamətində imkanlarını artırmaqdır.
Seminar zamanı regiondakı akademik müəssisələrin rəhbər şəxsləri kibertəhlükəsizlik əlaqələri qurmaq, kiberoğurluğa qarşı nəzarət və ondan qorunmaq üçün həlləri bölüşmək imkanı əldə ediblər.
R.Alıquliyev seminarda müvəffəqiyyətlə iştirak etdiyinə görə sertifikatla təltif olunub.
Qeyd edək ki, tədbir Kibertəhlükəsizliyin Təkmilləşdirilməsi Qrantları (CySIG) çərçivəsində təşkil olunub. Qrant layihələrinin məqsədi Türkiyə və Azərbaycanda elmi-tədqiqat institutlarında informasiya və kibertəhlükəsizlik səviyyəsini yüksəltməkdən ibarətdir.

Elm və təhsil 2022-10-06 16:09:00