×
A
A
A
Sazlamalar

Tbilisidə keçirilən konfransda Azərbaycanın COVID-19 pandemiyasına qarşı mübarizə metodlarından bəhs olunub

Tbilisi, 6 oktyabr, AZƏRTAC

Tbilisidə “COVID-19: Qazanılmış nəticələr” adlı beynəlxalq konfrans keçirilir.
AZƏRTAC xəbər verir ki, konfrans Gürcüstanın İctimai Səhiyyə və Xəstəliklərə Nəzarət Milli Mərkəzinin, Avropa İttifaqının və Mərkəzi Asiya və Qafqazda Biotəhlükəsizlik Assosiasiyası tərəfindən birgə təşkil olunub.
ABŞ Dövlət Katibinin Silahlara Nəzarət və Beynəlxalq Təhlükəsizlik üzrə müşaviri, səfir Boni Cenkinsin də iştirak etdiyi tədbirdə ölkəmizi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin, Azərbaycan Milli Elmlər Akademiyasının və digər əlaqədar qurumların nümayəndələri təmsil edirlər.
Konfransda bildirilib ki, bu gün dünyada baş verən iqlim dəyişikliyi və ətraf mühitin həddən artıq çirklənməsi, infeksion xəstəliklərin yayılması və digər problemlərin ictimai təhlükəsizliyə yaratdığı təhdidlər müzakirə olunub.
Bu problemlərin, xüsusən də COVID-19 pandemiyasına qarşı mübarizə tədbirləri, ayrı-ayrı dövlətlərin koronavirusa qarşı mübarizədə həyata keçirdiyi proqramlarla bağlı məruzələr dinlənilib.
Çıxışlar zamanı bəzi dövlətlərin, xüsusən də Azərbaycan dövlətinin koronavirusa qarşı mübarizə ilə bağlı Ümumdünya Səhiyyə Təşkilatına, eləcə də digər dövlətlərə göstərdiyi yardımlar xüsusi qeyd olunub.
Konfrans işini oktyabrın 7-də başa çatdıracaq.

Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi

Cəmiyyət 2022-10-06 16:09:00