×
A
A
A
Sazlamalar

Əsəd Süleymanov: Ölkəmizdə belə kitab sərgisinin açılması əlamətdar hadisələrdəndir

Bakı, 6 oktyabr, AZƏRTAC

VIII Bakı Beynəlxalq Kitab Sərgisi çox xoş təəssüratlar yaradaraq digər sərgilərdən fərqliliyi ilə seçilir. Bu sərgi bildiyimiz kimi "Şuşa İli"nə həsr olunub. Bu il, eyni zamanda, ümumiyyətlə ədəbiyyatla bağlı bir çox əlamətdar tədbirlərlə yadda qalacaq.
Bunu VIII Bakı Beynəlxalq Kitab Sərgisində AZƏRTAC-a açıqlamasında MİMTA Yayımlarının direktoru Əsəd Süleymanov bildirib.
Xurşidbanu Natəvanın 190 illiyi, həmçinin istiqlal şairi Əhməd Cavadın və Hüseyn Cavidin ildönümünü də bu əlamətdar hadisələrdən hesab edən Ə. Süleymanov deyib: "Bu, ümumilikdə Azərbaycanda ədəbiyyat mühitinin yaranmasına öz töhfəsini verməkdədir. Biz bunun təsirini bu gözəl sərgidə də aydın şəkildə müşahidə edə bilirik. Qeyd edim ki, bu sərgini daha da əlamətdar edən digər bir hadisə də qardaş ölkə olan Türkiyənin də sərgidə fəxri qonaq kimi iştirak etməsidir. Türkiyə nəşriyyatları da çox böyük heyətlə sərgidə iştirak edirlər. Biz də bu kitab sərgisində MİMTA Yayımları olaraq iştirak edirik. Biz gənc nəşriyyat sayılsaq da, artıq nəşriyyat sahəsində xeyli uğurlara sahibik. Xüsusən son 2 ildə kütləvi yayımlara keçmişik, eləcə də nəşriyyatımız elmi-kütləvi və ya dünya ədəbiyyatından tərcümələr, həmçinin klassik incilərimizin yenidən tərcüməsi istiqamətində bir çox nəşrlər ərsəyə gətirə bilib. Gələcək fəaliyyətimizdə də bu istiqamət üzrə bir çox əcnəbi ölkələrin nəşriyyatlarının təcrübələrindən faydalanmağı düşünürük”.

Mədəniyyət 2022-10-06 16:07:00