×
A
A
A
Sazlamalar

NDU-nun Tələbə Gənclər Təşkilatı üzvlərinin 4 layihəsinə qrant ayrılıb

Naxçıvan, 6 oktyabr, AZƏRTAC

Azərbaycan Respublikası Gənclər Fondunun iyulun 7-dən 27-dək keçirdiyi “İdeyanı reallaşdır 2022” gənclərin fərdi layihələri üzrə qrant müsabiqəsinin qalibləri arasında Naxçıvan Dövlət Universiteti Tələbə Gənclər Təşkilatının fəal üzvləri də var.
Universitetin Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, Tələbə Gənclər Təşkilatının sədri Əziz Qasımovun “Tələbə Gənclər Təşkilatlarının I regional konfransı”, sədr müavini Sevindik Novruzzadənin “Xarıbülbül kuboku uğrunda “Nə? Harada? Nə zaman?” intellektual oyunu”, sədr müavini Adəm Məmmədovun “TAP-MAT intellektual şahmat oyunu üzrə birincilik” və Tələbə Gənclər Təşkilatının fəalı Bağdagül Cəfərlinin “Debat çempionatı” layihələri müsabiqənin qalibi olub. Həmin 4 layihə üçün, ümumilikdə, 8800 manat qrant ayrılıb.
Qeyd edək ki, müsabiqənin keçirilməsində məqsəd gənc nəslin fiziki, intellektual və mənəvi inkişafının təmin edilməsi, vətənpərvərlik ruhunda tərbiyə olunması, ictimai fəallığının artırılması, eləcə də innovativ ideyalarının və yaradıcı təşəbbüslərinin dəstəklənməsidir.

Regionlar 2022-10-06 15:59:00