×
A
A
A
Sazlamalar

Tbilisidə azərbaycanlı rəssamın Beynəlxalq Müəllimlər Gününə həsr olunmuş sərgisi açılıb

Tbilisi, 5 oktyabr, AZƏRTAC

Tbilisidəki M.F.Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyində azərbaycanlı rəssamın 5 Oktyabr - Beynəlxalq Müəllimlər Gününə həsr olunmuş sərgisi açılıb.
AZƏRTAC xəbər verir ki, sərginin açılışında Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, səfirliyin əməkdaşları, Tbilisi və Rustavi şəhərlərində, eləcə də Marneuli və Qardabani rayonlarındakı Azərbaycan dilli məktəblərin müəllimləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Səfir Faiq Quliyev və tədbirin iştirakçıları Marneuli 8 saylı məktəbin müəllimi Xəyalə Mustafayevanın yağlı boya, akvarel və digər üslublarda çəkdiyi şəkillərə baxıblar.
Müxtəlif həyat çalarlarını əks etdirən 40-a yaxın rəsm əsərindən 44 günlük Vətən müharibəsindəki Qələbəmizin rəmzi olan “Dəmir yumruq” və xarıbülbülün portretləri xüsusi diqqət çəkib.
“Dəmir yumruq” portretində müharibənin vaxtını bildirən 4 gül, eyni zamanda, sülhə aparan yol da təsvir olunub.
Sərgi böyük marağa səbəb olub.
Sonra Faiq Quliyev müəllimlərlə görüşüb, onları bayram münasibətilə təbrik edib.
Diplomat Azərbaycan dövlətinin Gürcüstanda yaşayan soydaşlarımıza diqqət və qayğısından danışıb, hər il soydaşlarımıza minlərlə kitab və dərs vəsaitinin göndərildiyini, Azərbaycan dövlətinin, Heydər Əliyev Fondunun dəstəyi ilə Gürcüstanın azərbaycanlılar yaşayan bölgələrində məktəblərin təmir olunduğunu, yeni məktəb binalarının, uşaq bağçalarının, idman komplekslərinin inşa olunduğunu diqqətə çatdırıb.
F.Quliyev hər il yüzlərlə azərbaycanlı tələbənin SOCAR-ın maliyyə dəstəyi ilə Gürcüstanın ali məktəblərini bitirdiyini xüsusi qeyd edib.
Onun sözlərinə görə, Azərbaycandilli məktəblərdə kadr çatışmazlığı və mövcud digər problemlər də diqqətdə saxlanılır, onların həlli istiqamətində də müəyyən addımlar atılır.
Sonra sərginin təşkilatçılarından olan muzeyin direktoru Azərbaycanın Əməkdar Mədəniyyət işçisi Leyla Əliyeva, Gürcüstanın Azərbaycanlı Müəllimlər İttifaqının sədri Səadət Zeynalqızı və başqaları çıxış edərək göstərilən diqqət və qayğıya görə, Azərbaycan dövlətinə və səfirliyə minnətdarlıqlarını bildiriblər.
“Pirosmani" Beynəlxalq Rəssamlar Assosiasiyasının vitse-prezidenti Əli İsayev azərbaycanlı rəssamı xüsusi diplomla təltif edib.
Xəyalə Mustafayeva yaradıcılığına verilən yüksək qiymətə və sərginin təşkilinə göstərdiyi dəstəyə görə, Azərbaycan səfirliyinə təşəkkürünü bildirib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi 

Elm və təhsil 2022-10-05 22:22:00