×
A
A
A
Sazlamalar

Nərimanov rayonunda Əliəşrəf Əlizadə küçəsinin təmiri yekunlaşır

Bakı, 5 oktyabr, AZƏRTAC

Vətəndaşların rahat gediş-gəlişini təmin etmək məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən Bakı şəhərinin Nərimanov rayonu ərazisində kompleks tədbirlər icra olunur. Bu çərçivədə “İnvestisiya Proqramı”na əsasən, 1230 metr uzunluğa malik Əliəşrəf Əlizadə küçəsinin təmiri yekunlaşmaq üzrədir.
AAYDA-nın İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, ortalama eni 9 metr olan küçədə aparılan təmir işləri çərçivəsində mövcud piyada səkiləri 5602 kvadratmetr sahədə bərpa olunub, 2827 poqonometr yeni səki daşları düzülüb. Daha sonra küçə boyu frezlənmə və yeni asfalt-beton örtüyünün döşənməsi işləri görülüb.
“İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, sonda avtonəqliyyat vasitələrinin normal hərəkətinin təmin edilməsi üçün üfüqi nişanlanma xətlərinin çəkilişi işləri aparılacaq, zəruri yerlərdə yol nişanları quraşdırılacaq və yeraltı kommunikasiya xətlərinin baxış qapaqlarının layihə hündürlüyünə qaldırılması işləri aparılmaqla küçə müasir görkəmdə istifadəyə veriləcək.
Hazırda təmir işləri rayonun Tələt Şıxəliyev və Məsud Əlizadə küçələrində də aparılır.
Cari ilin “İnvestisiya Proqramı”na əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Nərimanov rayonu üzrə təmir olunan küçələrin ümumi uzunluğu 7,6 kilometr təşkil edir.

Tikinti̇ 2022-10-05 16:41:00