×
A
A
A
Sazlamalar

Təqaüdçülərin kartındakı pulları mənimsəyən Lənkəran sakini saxlanılıb

Bakı, 5 oktyabr, AZƏRTAC

Lənkəran rayon sakini olan bir nəfər qadın polisə müraciət edərək təqaüd kartından 200 manat məbləğində pulun oğurlandığını bildirib.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə həmin vəsaitin zərərçəkmişin kartdakı pulu bankomatdan çıxarmaq üçün kömək istədiyi şəxs tərəfindən mənimsənildiyi məlum olub.
Faktı törətməkdə şübhəli bilinən şəxsin Lənkəran rayon sakini Təbriz Sadıxzadə olduğu müəyyənləşdirilib və polis əməkdaşları tərəfindən saxlanılıb.
Araşdırmalarla onun daha 7 nəfər təqaüdçünün kartından da pul oğurladığı aşkarlanıb. Belə ki, bankomatların yaxınlığında dayanan həmin şəxsin kartdakı pulu çıxarmaq üçün müraciət edən təqaüdçülərin etibarından sui-istifadə edərək həmin kartlardan mobil tətbiq vasitəsilə, “avans” götürmək yolu ilə və digər üsullarla ümumilikdə 2300 manatdan artıq pulu mənimsədiyi müəyyən edilib.
Təbriz Sadıxzadənin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, DİN-in 102 - xidməti-zəng mərkəzinə və ya ərazi polis orqanına məlumat vermələri xahiş olunur.
DİN bir daha vətəndaşların diqqətinə çatdırır ki, bank kartlarını və onun üzərindəki məlumatları digər şəxslərə etibar etməsinlər.

Hadisə 2022-10-05 12:53:00