×
A
A
A
Sazlamalar

Fərid Qayıbov: Naxçıvanda keçirilən Ümumdünya Şahmat Olimpiadasında təşkilatçılıq yüksək səviyyədədir

Naxçıvan, 3 oktyabr, Rauf Kəngərli, AZƏRTAC

On altı yaşadək yeniyetmələr arasında Ümumdünya Şahmat Olimpiadası Azərbaycanda keçirilən növbəti beynəlxalq yarışdır. Sevindirici haldır ki, hər keçən gün ölkəmizin ev sahibliyi etdiyi yarışların sayı artır. Yarışların keçirilməsində təşkilatçılığın yüksək səviyyədə olması və idmançılarımızın hazırlıq səviyyəsi növbəti uğurlarımız üçün əsaslı zəmin yaradır.
Bu sözləri AZƏRTAC-ın Naxçıvan bürosuna müsahibəsində Naxçıvan şəhərində keçirilən Ümumdünya Şahmat Olimpiadasının açılış mərasimində iştirak edən gənclər və idman naziri Fərid Qayıbov deyib. Nazir Azərbaycan və Naxçıvan Muxtar Respublikası Şahmat federasiyalarının belə böyük və nüfuzlu turnirə yüksək səviyyədə hazırlaşdığını vurğulayıb və buna görə federasiyalara minnətdarlığını bildirib.
“Ümumdünya Şahmat Olimpiadasının Azərbaycanda keçirilməsinin bir səbəbi də odur ki, bizim bu idman növündə böyük tariximiz var. Son vaxtlar Azərbaycan şahmatçılarının qazandığı uğurlar göz qabağındadır. Şahmatçı qızlarımızın Avropa çempionatından medallarla qayıtması buna əyani sübutdur”, - deyən Fərid Qayıbov vurğulayıb ki, dövlətimizin dəstəyi olmadan bu nəticələri əldə etmək mümkün deyil. Bilirsiniz ki, Prezidentimiz idmanın inkişafını daim diqqətdə saxlayır, idmançılara dəstək olur. Bu isə idmançılarımızın uğur qazanmasında mühüm rol oynayır, onlara stimul verir.
Naxçıvanda, o cümlədən ölkəmizin digər bölgələrində mötəbər beynəlxalq yarışların keçirilməsinin ənənə halını aldığını qeyd edən nazir əmin olduğunu bildirib ki, bundan sonra da qədim diyarda belə tədbirlərin keçirilməsi ardıcıl xarakter alacaq. “Biz Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyası ilə danışmışıq və keçiriləcək tədbirlərin sayını daha da artırmaq istəyirik”, - deyə Fərid Qayıbov vurğulayıb.
Nazir deyib: “Bildiyiniz kimi, Naxçıvanda orta məktəblərdə şahmat dərsi tədris olunur və şahmat məktəbləri fəaliyyət göstərir. Bu da şahmatın inkişafına müsbət təsir edir. Muxtar respublika rəhbərinə idmanın inkişafına, təbliğinə göstərdiyi diqqətə görə minnətdaram”.

 

Regionlar 2022-10-03 18:19:00