×
A
A
A
Sazlamalar

Bosniya və Herseqovinadakı seçkilərə dair nəticələr açıqlanıb VİDEO

Sarayevo, 3 oktyabr, AZƏRTAC

Bosniya və Herseqovinada Rəyasət Heyətinin üzvləri, iki inzibati vahid üzrə rəhbərlərin, kanton üzvləri və deputatların müəyyən olunduğu seçkilərə dair nəticələr açıqlanıb.
AZƏRTAC xəbər verir ki, Bosniya və Herseqovina Mərkəzi Seçki Komissiyasının məlumatına görə, seçkilərdə seçici fəallığı 50 faiz olub. Altmış min müşahidəçinin izlədiyi seçkilərdə 90-ı siyasi partiyadan, 17-si müstəqil namizəd və 38-i koalisiya üzvləri olmaqla 145 nəfər namizəd kimi iştirak edib.
İlkin qeyri-rəsmi nəticələrə görə, 11 siyasi partiyadan ibarət müxalifət blokunun birgə namizədi olan Sosial Demokrat Partiyasının sədr müavini Denis Beciroviç səslərin 56 faizini toplayaraq Bosniya və Herseqovina Rəyasət Heyətinin bosniyalı üzvü seçilib.
“Demokratik Cəbhə” və “Xalq Birliyi” koalisiyasının namizədi Zeljko Komsic səslərin 70 faizini toplayaraq Rəyasət Heyətinin xorvat əsilli üzvü olub.
Sosial Demokratlar İttifaqının namizədi Zeljka Cviyanoviç isə səslərin 60 faizini toplayaraq Rəyasət Heyətinin serb əsilli üzvü seçilib.
Bosniya və Herseqovinadakı iki inzibati vahiddən biri olan Serb Respublikasının rəhbərliyi uğrunda mübarizə aparan Milorad Dodikin rəqibi Yelena Triviçə uduzduğu bildirilir.
Qeyd edək ki, Bosniya və Herseqovina Avropanın ən mürəkkəb siyasi quruluşa malik ölkələrindən biridir.
Xatırladaq ki, Bosniya və Herseqovinada bundan əvvəlki ümumi seçkilər 2018-ci il oktyabrın 7-də keçirilib və seçici fəallığı 53 faiz olub.

 
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Sarayevo

Dünya 2022-10-03 02:10:00

Video