×
A
A
A
Sazlamalar

Həndbol idman növünün inkişaf etdirilməsi ilə bağlı regional seminar keçirilib

Bakı, 2 oktyabr, AZƏRTAC

Azərbaycan Həndbol Federasiyası (AHF) tərəfindən həndbol idman növünün inkişaf etdirilməsi ilə bağlı regional seminar keçirilib.
Azərbaycan Həndbol Federasiyasının mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Şirvan Olimpiya kompleksində təşkil olunan seminarda Neftçala, Saatlı, Biləsuvar, Kürdəmir, Şirvan, Astara, Lənkəran, Yardımlı, Masallı, Cəlilabad rayonlarından olan məşqçi-müəllimlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan AHF-nin İdman şöbəsinin rəhbəri, Avropa Həndbol Federasiyasının nümayəndəsi İsgəndər Əsgərov iştirakçılara fəaliyyətlərində uğurlar arzulayıb. Qeyd olunub ki, görüşlərin mütəmadi təşkil olunmasında məqsəd regionlarda həndbolun populyarlaşması və ona marağın artırılması istiqamətində işlərin davam etdirilməsidir.
Federasiyanın əməkdaşı Fəridə Əliyeva isə gələcəkdə keçiriləcək yarışların vaxtı, məkanı və sənədləşdirmə işləri ilə bağlı məlumat verib.
Seminarda, həmçinin regionlarda məşq prosesinin təşkili və təkmilləşdirilməsi, həndbol komandalarına seçilmə üsulları, yeni qaydalar və reqlamentlər ilə bağlı ətraflı söz açılıb.
Məşqçi-müəllimlərin peşə səviyyələrinin artırılmasının uşaqlar arasında həndbol idman növünün inkişaf etdirilməsinə böyük təkan olacağı vurğulanıb.
Hər bir mövzu ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.
Seminar zamanı tədbir iştirakçıları üçün toplar və oyun qaydaları təqdim olunub.
Sonda böyük məşqçilər - Çingiz Əzimov, Vidadi Əliyev tərəfindən nümunəvi məşq keçirilib.
İki gün davam edən seminarın əsas məqsədi nəzəri və praktiki biliklərin artırılması ilə yanaşı, yeniyetmələr arasında ehtiyat qüvvənin səviyyəsinin müəyyənləşdirilməsidir.

İdman 2022-10-02 20:40:00