×
A
A
A
Sazlamalar

Gürcüstan KIV-i Azərbaycan Prezidentinin Bolqarıstana səfərindən yazır

Tbilisi, 2 oktyabr, AZƏRTAC
Azərbaycan Prezidenti İlham Əliyevin Bolqarıstana rəsmi səfəri Gürcüstan mətbuatının diqqət mərkəzində olub.
AZƏRTAC xəbər verir ki, aktual.ge, interpressnews.ge, apsny.ge portalları, 1TV.ge televiziya kanalı Azərbaycan Prezidentinin bu səfəri və keçirdiyi görüşlərdə səsləndirdiyi fikirləri yayımlayıb.
Mətbuatda Azərbaycan Prezidenti İlham Əliyevin Sofiya şəhərində Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimində çıxışı zamanı səsləndirdiyi fikirlərə xüsusi yer verilib: “Uzun illər Azərbaycan beynəlxalq bazarda və ilk növbədə, Avropa bazarında etibarlı neft təchizatçısı olub. İndi isə etibarlı qaz təchizatçısına çevrilir.
Ötən il qaz ixracımız təxminən 19 milyard kubmetr təşkil etmişdir. Bu il biz ixracımızı 22 milyard kubmetrə qədər artıracağıq”.
Materiallarda həmçinin bildirilir ki, Azərbaycan və Avropa İttifaqı arasında enerji sahəsində imzalanmış Memoranduma əsasən Azərbaycan Avropaya qaz ixracını iki dəfə artırmağı planlaşdırır.
Dövlətimizin başçısının çıxışından gətirilən sitatda deyilir: “Biz TANAP kəməri ilə nəql olunan qaz ixracının 16 milyard kubmetrdən 32 milyard kubmetrə, eləcə də TAP kəməri ilə isə 10 milyard kubmetrdən 12 milyard kubmetrə qədər genişləndirilməsi ilə bağlı tərəfdaşlarımızla məsləhətləşmələrə artıq başlamışıq. Çünki bunu etmədən əlavə qazın ixracı çətin olacaq”.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi

Siyasət 2022-10-02 19:31:00